Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib, 21 kq 775 qram narkotik vasitənin, 261 ədəd psixotop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçirilməsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
DSX-dən Teleqraf.com-a verilən məlumata görə, 3 halda İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alınıb, sərhəd pozucuları sərhəd naryadlarının qanuni əmrlərinə tabe olmayıb və qaçaqmalı sərhədboyu zolaqda ataraq geri qaçıblar.
3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd pozucusu əlindəki bağlamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olunmuş 4 ədəd bağlamada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tiryək”, 105 qram “marixuana”, həmçinin 190 ədəd “tramol 225” markalı həb, 175 ml “mydrax” markalı narkotik tərkibli məhlul aşkar edilərək götürülüb.
4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd naryadı tərəfindən alınıb. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlindəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd “Bloԝ 2003 mini” markalı tapança aşkar edilərək götürülüb.
4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin hərəkətini aşkar edən sərhəd naryadı tərəfindən ”dayan” əmri verilib, lakin sərhəd pozucuları tabe olmayaraq geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr “kokos”, 390 qr kristal şəklində narkotik maddə olan “heroin”, 360 qr “marixuana” və 71 ədəd “psixotrop həb” aşkar edilərək götürülüb.
Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətəndaşı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu və 1977-ci il təvəllüdlü İsmayılov Ramil Ulduz oğlu saxlanılıblar.
Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.