Məlum olduğu kimi, 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və V Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradılıb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfi fevralın 19-20-də Bakıda adıçəkilən İşçi Qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcək. İclasda konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
İclasda ölkəmiz Nazirlər Kabineti aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.