Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonunun sabiq meri Temur Abazov vəzifəsindən öz ərizəsi ilə istefa verib.
T.Abazovun ərizəsini bu gün vəkilləri Marneuli rayon bələdiyyəsinə təqdim ediblər.
Sabiq mer vəzifəsindən istefa verməsini belə izah edib: “Məhkəmə prosesi hələ davam edəcək və Marneuli rayonunun icra başçısız qalmasını istəmirəm. Yaşanan hadisələr şər-böhtan olub və bu səbəbdən belə bir yerdə fəaliyyətimi dayandırmaq istəyirəm”.
T.Abazov qeyd edib ki, onun adı ilə bağlı olduğu iddia edilən insident ona qarşı təxribat olub: “Mənim heç bir günahım yoxdur və ümid edirəm ki, məhkəmə barəmdə ədalətli qərar qəbul edəcək”.
T.Abazovun istefa ərizəsi qəbul olunandan sonra Marneuli rayonunda yaz aylarında icra başçısı seçkilərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən il dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
T.Abazov Gürcüstanın müstəqillik tarixində yüksək vəzifəyə seçilmiş ilk etnik azərbaycanlı olub.