Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.
Prezidentin digər Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:
Doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə – 170 manat, magistratura səviyyəsi üzrə: akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat, bakalavriat səviyyəsi üzrə: akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat, orta ixtisas təhsili müəssisələrində: akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat, peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat məbləğlərdə təqaüd müəyyən edilib
Siyasi ekspert Vüqar Rəhimzadənin sözlərinə görə, Prezidentin tələbə, magist və digər pillələrdə təhsil alanlarla bağlı qəbul etdiyi qərarlar gənclərin sosial problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, onlarda elmə, təhsilə marağı artıracaq: "Ölkə başçısının vətəndaşların sosial durumunun yaxşılaşdırılması istiqəmətində qəbul etdiyi qərarlardan biri olaraq tələbə və magistrların təqaüdlərinin artırılması, nəticə etibarı ilə təhsilin inkişafına xidmət edəcək. Mən bu fərman və sərəncamı yüksək qiymətləndirir, təhsil alanlara böyük maddi və mənəvi dəstək hesab edirəm. Düşünürəm ki, bizim tələbə və magistrlarımız da cənab Prezidentin onlara göstərdiyi bu diqqət və qayğının nəticəsi olaraq etibadı doğruldacaq, peşəkar kadr, mütəxəssis kimi yetişəcəklər. Bilirsiniz ki, Azərbaycanda təhsilin inkişafı ilə bağlı çocsaylı dövlət proqramları, layihələr həyata keçirilir. Ölkədə təhsilin inkişafına xüsusi önəm verilir. Qəbul edilən qərarlar da məhz dövlətin təhsilə olan münasibətinin parlaq nümunəsidir".