Fevralın 17-də Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.
Teleqraf.com-un məlumatına görə, imtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanıb və 3 saat davam edib.
Fevralın 18-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənləri üzrə 30 tapşırıq olmaqla, ümumilikdə, 85 tapşırıq təqdim edilib.
Yazılı cavab vermək tələb olunan işlər DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb.
Hər bir yazı işi əvvəlcə "scan" olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.
Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.
İmtahanda istifadə olunan yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 10 gün ərzində elan olunması nəzərdə tutulur.