Gürcüstan parlamentinin bugünkü iclasında azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda mövcud bəzi sosial problemlər qaldırılıb.
Deputat Savalan Mirzəyev Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvilinin çıxışından sonra Qardabani sakinlərini narahat edən məsələləri dövlət rəsmisinin diqqətinə çatdırıb.
Deputat bildirib ki, Qardabani rayonunun Muğanlı kəndində içməli su problemi illərdir ki, həll olunmur: “Regional İnkişaf və İnfrastruktur Nazirliyindən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar və problem öz həllini tapsın. Kənd əhalisi içməyə yararsız olan texniki sudan istifadə edir və bu da insan sağlamlığına çox ciddi ziyan vurur”.
S.Mirzəyevin qaldırdığı digər problem rayondakı Levan Devdarianinin adını daşıyan 1 saylı ictimai məktəbin idman zalının acınacaqlı vəziyyəti ilə bağlı olub: “Levan Devdariani adına hər il basketbol, voleybol və digər idman növləri üzrə turnirlər keçirilir. Təəssüflər olsun ki, bu turnirlər həmin məktəbdə deyil, başqa məktəbin idman zalında təşkil olunur. Çünki 1 saylı ictimai məktəbin zalı acınacaqlı vəziyyətdədir. Zalın divarları dağılıb, döşəmə yararsız hala düşüb. Xahiş edirəm ki, yerli özünüidarəetmə orqanları ilə birgə səylər nəticəsində sözügedən idman zalı təmir olunsun”.
Qeyd edək ki, M.Tskitişvili bu gün parlamentdə “nazir saatı” adlandırılan formatda deputatlar qarşısında hesabatla çıxış edib. Çıxışdan sonra debatlar keçirilib. Bu il qanunverici orqanda “nazir saatı” formatında 11 nazir hesabat təqdim edəcək.