22 Fevral 2019 16:13
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, 2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.

Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər