Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3888 nəfər itkin düşmüş şəxs qismində qeydiyyatdan keçib, 1477 nəfər isə əsir və girovluqdan azad edilib. Erməni quldurlarının əsir-girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.
Ermənistan hərbçiləri həmin şəxsləri məhz Azərbaycan vətəndaşı olduqlarına görə ağır işgəncələrə məruz qoyublar. Erməni quldurları girov götürdükləri rusların mülki şəxslər, qadınlar və yaşlı insanlar olmasına belə əhəmiyyət verməyiblər.
"Report" girovluqdan azad edilən bir neçə nəfər rusun və milliyyətçə tatar olan qadının ifadələrini təqdim edir:
Abbasova Nina Georgiyevna - 1937-ci ildə Rusiya Federasiyasının Kemerovo vilayətində doğulub. Milliyyətcə rusdur. 1993-cü ilin iyulun 23-də girov götürülüb, 1994-cü ilin iyulun 25-də azad edilib.
O, ifadəsində bildirib ki, 1993-cü il iyul ayının 23-də Azərbaycanın Ağdam rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün həyat yoldaşı - 1930-cu il təvəllüdlü Abbasov Əli Rəsul oğlu ilə birlikdə girov götürülüb. Girov götürülən kimi həyat yoldaşını dərhal ondan ayırıblar. Nina onu bir daha yalnız azad edildikdən sonra görüb. Nina Georgiyevna girovluqda gördüklərini və yaşadıqlarını heç faşizmlə bağlı filmlərdə belə görmədiyini bildirib. Ermənistan hərbçiləri onun gözləri qarşısında Beyləqan rayonundan ailəsi ilə birlikdə girov götürülmüş müəllim - Sarıyev Əli Zöhrab oğluna dəhşətli işgəncələr verib, girov götürülmüş nişanlı qızı təhqir edərək zorlayıblar. Ağdam sakini olmuş Azərbaycan əsgərini döyə-döyə öldürüblər. Ermənilər əsir və girovlara qarşı çox qəddar davranırmış.
Milliyətcə rus olduqları üçün onlara baş çəkən BQXK-nın əməkdaşları Nina Georgiyevnaya və onunla birlikdə girov götürülmüş İmanova Lyubov Yakovlevnaya Rusiyaya getməyi təklif etmiş, lakin onlar imtina edərək Azərbaycanda qalmaq istədiklərini bildirmişlər. Rus milliyyətindən və qadın olmasına baxmayaraq, bir il girovluqda saxlandıqdan sonra Nina Georgiyevna 1994-cü ilin iyulun 25-də azad edilib.
Onun həyat yoldaşı, 65 yaşlı Abbasov Əli Rəsul oğlu isə daha bir il saxlandıqdan sonra 1995-ci ilin iyunun 8-də azad edilib. Həyat yoldaşı girovluqda aldığı bədən xəsarətlərindən daim əziyyət çəkir, azad edildikdən sonra bütün gecəni sayıqlayır, özünə gələ bilmirdi. Bədənindəki yanıq izləri ona əziyyət verirdi. Verilmiş mənəvi və fiziki işgəncələrdən əzab çəkən həyat yoldaşı Abbasov Əli Rəsul oğlu bir il yaşadıqdan sonra 1996-cı ildə vəfat edib.
Cəfərova Məryəm Zinatovna - 1930-cu ildə Rusiya Federasiyasının Həştərxan şəhərində doğulub, Zəngilan şəhərində yaşayıb. 1993-cü ilin dekabrın 3-də girov götürülüb, 1994-cü ilin martın 26-da azad edilib.
O ifadəsində deyib ki, Ermənistanın işğalçı ordusu sürətlə irəlilədiyi üçün Zəngilan rayonunun dinc əhalisi öz ata-baba yurdunu tərk etməyə başlamışdı. Ancaq Məryəm Cəfərova milliyətcə tatar olduğu üçün Ermənistan hərbçilərinin ona toxunmayacağını fikirləşərək evini tərk etməmişdi. Həm də yaşı çox olduğu üçün yolu gedə bilməyəcəyini düşünüb. Beləliklə, dörd gün öz evində tək qalıb. Pəncərədən ermənilərin mənzilləri qarət etdiklərini, yandırdıqlarını, qapı-bacaları sındırdıqlarını görüb. Başa düşüb ki, orada qalmaq artıq təhlükəlidir.
Noyabrın 3-də ən yüngül və dəyərli əşyalarını, gücü çatan qədər iki zənbilə yığaraq evdən çıxıb. Məktəbin yanına çatanda evləri talan edən 14-15 yaşlarında 20-yə qədər erməni uşaqla qarşılaşıb. Onlar Məryəm Cəfərovadan hara getdiyini soruşub və o, Hadruta getdiyini bildirib. Erməni olmadığını anlayıb ona hücum edib, zənbillərini əlindən alıb, saçlarını yolub, paltarını cırıblar. Sonra döyə-döyə, sürüyə-sürüyə qarşıdakı binalara tərəf dartmağa başlayıblar. Bu vaxt oraya yaxınlaşan “KamAZ” markalı maşından 35-40 yaşlarında bir hərbçi düşüb. Hərbçi uşaqlarla xeyli mübahisə etdikdən sonra Məryəm Cəfərovanı onların əlindən alıb və yük yerinə mindirərək avtovağzala tərəf aparıb. Maşın bütün günü kəndləri dolaşıb həyətlərdən, maşın-traktor parklarından dizel yanacağı yığıb, axşam Xankəndində yerləşən hərbi hissəyə gəlib. Orada onu binanın ikinci mərtəbəsində bir otağa salıb üç gün saxlayıblar. O, 1994-cü ilin martın 26-da dəyişilərək azad edilib.
Kolesov Dmitri Yuryeviç - 1980-ci ildə Bakı şəhərində doğulub, milliyyətcə rusdur. 1999-cu ilin oktyabrın 23-də ermənilər tərəfindən əsir götürülüb, 2000-ci ilin iyulun 18-də azad olunub.
O, ifadəsində deyib ki, 1999-cu ilin oktyabrın 23-də ön cəbhədə, Cəbrayıl rayonu ərazisində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində iki nəfər əsgər yoldaşı ilə səngərdə olarkən qəflətən başına ağır zərbə dəyib və huşunu itirib. Özünə gələndə ermənilərin onu əsir götürdüyünü anlayıb. Erməni hərbçilər D.Kolesovu ağ rəngli "Niva" markalı maşına mindirərək işğal etdikləri Füzuli rayonunda yerləşən ikimərtəbəli binaya aparıb, onu ikinci mərtəbədən atmaqla hədələyiblər. Elə həmin gün gözlərini bağlayıb yenidən maşına mindirib və "Lələtəpə" deyilən yüksəklikdəki mövqelərinə aparıblar.
Sorğu-sual edən 35-40 yaşlarında mayor rütbəli zabitin göstərişi ilə ermənilər Kolesovu armatur, rezin dəyənəklərlə döyüb və itləri üstünə buraxıblar. İtlərin dişləyərək ciddi xəsarətlər yetirməsinə baxmayaraq, ermənilər onu yenidən döyüb, yaralı yerlərinə zərbələr endirərək işgəncə veriblər. Sonra ermənilər Dmitrini Cəbrayıl rayonu ərazisində olduğu ehtimal edilən üçmərtəbəli qərargaha aparıb və rezin dəyənəklə yenidən döyüblər. Üç gündən sonra gözlərini bağlayaraq Ermənistan ərazisində yerləşən qauptvaxtaya salıblar. Qriqoryan (sonradan Ermənistan müdafiə nazirinin müavini işləmiş, general Qriqoryan Manvel Sedrakoviçi fotoşəkildən tanıyıb – tərt.) soyadlı zabit, D.Kolesovu sorğu-sual edib və döydürüb.
Orada saxlanılan müddətdə ermənilər iki dəfə hansısa məhlulu iynə ilə Dmitrinin bədəninə yeridiblər. Hər dəfə iynədən sonra qızdırması qalxıb, özünü pis hiss edib və başı fırlanıb. Bundan başqa, erməni silahlıları armatur və rezin dəyənəklərlə vuraraq qəsdən onurğa sütununa ciddi zədələr yetiriblər. Sonra mayor rütbəli bir hərbçi Dmitrinin gözlərini və əllərini bağlayaraq maşına mindirib və Yerevan Hərbi Polisinə aparıb. Hərbi polisdə bir gözü sarıqlı möhkəm bədənli erməni müntəzəm olaraq onu döyüb və öldürəcəyi ilə hədələyib. 3-4 gün beton döşəməsi olan soyuq kamerada saxladıqdan sonra maşına mindirərək digər hərbi əsir Rzayev Vaqif Kərəm oğlu ilə birlikdə Yerevan Təhlükəsizlik Komitəsinə gətiriblər. İki gündən sonra Rzayev Vaqifi harasa aparan ermənilər Dmitrini, Vaqan Sergeyeviç Arutunyan adlı məhbusun saxlanıldığı kameraya salıblar. Üç ay Vaqan Arutunyan ilə bir kamerada saxlandıqdan sonra onu Ermənistan parlamentində 8 nəfər deputatın ölümü ilə nəticələnən silahlı basqının iştirakçısı olmuş Vram adlı terrorçunun saxlanıldığı kameraya, sonra isə 10 nəfərədək azərbaycanlı əsirin saxlanıldığı kameraya salıblar. Dmitri azad edilənədək ermənilər onun olduğu kameraya Mehdiyev Elnur Fərman oğlunu, ad və soyadlarını bilmədiyi daha iki əsiri yerləşdiriblər. Ermənistan hərbçiləri Mehdiyev Elnur Fərman oğlunu səhərədək şaxtada qarın üstündə saxlayıb, don vurmuş 5 ayaq barmağını müalicə etmək əvəzinə kəsiblər. Dmitri Kolesov 2000-ci ilin iyulun 18-də azad olunub.
Şevelyov Vladimir İvanoviç – 1926-cı ildə Azərbaycanın Ağdam şəhərində doğulub. 1993-cü ilin iyulun 23-də girov götürülüb, 1994-cü ilin aprelin 28-də azad edilib.
V.Şevelyov ifadəsində bildirib ki, ailə üzvləri ilə birlikdə Ağdam şəhərində yaşayıb və yol istismar sahəsində fəhlə işləyib. Anası qoca, qardaşı isə yataq xəstəsi olduğundan Ağdam rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən zaman şəhərdən çıxmayıb. Böyük Vətən müharibəsində almanların işğal etdiyi ərazilərdə dinc əhaliyə dəymədiklərini və milliyyətcə rus olduqları üçün ermənilərin də onlara toxunmayacağını düşünərək bu addımı atıb. 1993-cü ilin iyulun 21-də Ermənistan ordusu Ağdam şəhərinə geniş miqyaslı hücuma keçib. İyulun 22-də o, çörək almaq üçün həyətə düşüb, bir az aralandıqdan sonra güllə səsləri eşidib, qonşudakı mənzillərin yandırıldığını görüb.
Çörək olmayacağını başa düşüb gizlənə-gizlənə geri qayıdarkən anasının: “Qansızlar! Oğlumu niyə öldürdünüz?!” - deyə fəryad qopardığını eşidib. Ermənistan hərbçilərinin anasına: “Yum ağzını, yaxşı eləmişik!” - deyə uca tonla qışqırdıqlarını eşidib, xəstə qardaşının güllələndiyini başa düşüb, qaçaraq gizlənib. Gecə evə gələrkən 58 yaşlı qardaşından sonra 89 yaşlı anasının da güllələndiyini və evinin talan edilərək yandırıldığını görüb. Bundan sonra həmin vaxt evdə olmayan 48 yaşlı bacısını axtarmaq istəyib, tapa bilməyəcəyini başa düşərək su kanalına tərəf qaçıb. Yolboyu çoxlu azərbaycanlı uşaq və qadınların tanınmaz hala düşmüş meyitlərini görüb. Ağdam rayonunun Sarıcalı kəndindəki posta yaxınlaşarkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Sərxoş əsgərlər cibindəki pulları alıb, möhkəm döyərək onu sorğu-suala tutublar. Sonra onu Ağdam şəhərinə aparıb qaraja salıblar. Orada Ağdamın bir neçə qoca sakinləri ilə birlikdə saxlanıb. Qoca olmalarına baxmayaraq, girovların hamısını səhərdən axşamadək şəhərdəki evlərin qarət olunmasında işlədir, axşamlar isə döyürdülər. 1993-cü ilin iyulun 29-da Canetta adlı erməni hərbçi qadın, BQXK-nın nümayəndəsi ilə birlikdə qaraja gəlib və onu özləri ilə götürüblər. Yolüstü Ağdam ruhi-əsəb xəstəxanasından iki qadın da onun olduğu maşına mindirilib və birlikdə Xankəndindəki uşaq xəstəxanasına aparılıblar. Səhərisi gün onu aparıb qocalar evində yerləşdiriblər. Sentyabrın 8-də Omsk şəhərindən gəlmiş hərbi geyimli bir kilsə xadimi yalvarış dolu xahişlərini nəzərə alıb onu Ağdama aparıb. O, anası Vera Davıdovnanın, qardaşı Anatoli İvanoviçin və bacısı Svetlananın meyitlərinin qalıqlarını - başlarını, ayaq və qollarının hərəsini bir tərəfdən taparaq toplayıb və dəfn edib. 1993-cü ilin sonunda o, bir neçə yaşlı rus əsilli girovla birlikdə Yerevandakı qocalar evinə aparılıb, azad olunduğu - 1994-cü ilin 28-dək orada saxlanılıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etdiyi zaman əsir, girov götürülən və sonra azad edilən azərbaycanlıların bir qisminin ifadələri əsasında “Erməni əsirliyində: işgəncə və qətli antologiyası” adlı kitab çap olunub. Kitab Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr olunub.