26 Fevral 2019 10:49
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qətərdəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra səfir Rəşad İsmayılov çıxış edərək, Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiklərini qeyd edən səfir, Xocalı soyqırımının bəşəriyyət tarixində misli görünməyən amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb:

“Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc Xocalı sakini vəhşiliklə qətlə yetirilib. Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalması təəssüf doğurur”.

Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə son illər ərzində həyata keçirilən “Xocalıya ədalət kampaniyası” çərçivəsində böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırım aktı kimi tanımağa başladığını diqqətə çatdırıb.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər