1 Mart 2019 15:50
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Palmali” Şirkətlər Qrupu, “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi Kampaniyanın yekun nəticələri qiymətləndirilib.

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası Təşkilat Komitəsinin açıqladığı məlumata əsasən, Kampaniyanın startından ötən 24 saat ərzində sosial şəbəkə istifadəçiləri tərəfindən ümumilikdə 51 min 322 tvit paylaşılıb. Həştəqlər toplam olaraq, 33 min 226 dəfə retvit edilib.

“Twitter” platformasında aparılan kampaniyanın görülmə (baxış) sayı 55 milyon 570 min 492 olub.

Kampaniya “Top Trend” olaraq, Türkiyənin “Twitter” gündəmində ümumilikdə 12 saat yer tutub. Bu 12 saatın 4 saatını Türkiyə gündəmində 1-ci yerdə olub. Bu kampaniyanın nəticələri “Twitter”in tarixində Xocalı Soyqırımı ilə bağlı rekord nəticədir.

#hocalıiçin – 2.5 saat, #hocalıyaadalet – 1.5 saat “Twitter”də birinci sırada olub. Kampaniya 5 saat ərzində Türkiyə gündəmində ilk 3-lükdə, o müddətin 3 saatında isə ilk 5-likdə yer alıb.

Qeyd edək ki, “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası bu il fevralın 26-da İstanbul Universitetində təşkil olunan tədbirlə start götürüb. Mərasimdə Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvü Saffet Sancak, Milli Məclisin deputatı Sona Əliyeva, İstanbul Universitetinin prorektoru prof. dr. Sedat Murat, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov, “İpək yolu” Strateji Araşdırmalar Mərkəzinin direktoru Seyfullah Türksoy, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Türkiyənin tanınmış sənətçiləri Hülya Avşar, Ahmet Şafak, Ercan Saatçı və digərləri iştirak ediblər.

Koordinatorları Aqil Ələsgər, Nihad Allahyarlı və Rəşid Mustafazadə olan “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkələrdə geniş işlər aparıblar.

Üzərində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş könüllülər gün ərzində bu həştəqlərlə Xocalı Soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında yüksək fəallıq nümayiş etdiriblər.

Türkiyənin yüzlərlə tanınmış ictimai-siyasi xadimi, yazarlar, elm, iş və sənət dünyasının təmsilçiləri Kampaniyaya qatılaraq, Xocalı Soyqırımının tanıdılmasına öz töhfələrini veriblər.

Qeyd edək ki, təkcə “Twitter”də deyil, “İnstagram” və “Facebook” sosial şəbəkələrində də Sibel Can, Mahsun Kırmızıgül, Kubat, Hadise, Hakan Mengüc kimi məşhurlar “Xocalı üçün paylaş” ideyasına dəstək veriblər.

Ümumiyyətlə, “Xocalı üçün Paylaş” Kampaniyasında iştirak üçün 200 gəncin eyni anda fəaliyyət göstərməsi nəzərdə tutulsa da, say 400-dən çox olduğundan Universitet rəhbərliyi Fən fakultəsinin də Kurul Odasını kampaniya üçün təsis etdi.

Bundan başqa, “Palmali”nin təşəbbüsü ilə İstanbulun ən önəmli 600 nöqtəsində bilboardlar asılaraq, əhaliyə “Xocalı üçün” paylaşım edilməsi çağırışı edilib. Həmin bilboardlar mart ayının ilk on günlüyünə qədər İstanbul küçələrini bəzəyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər