1 Mart 2019 16:28
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara da kompensasiya veriləcək. Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək”.

Teleqraf.com xəbər verir ki, fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə bağlı Azərbaycan prezidentinin fərmanını şərh edən iqtisadçı Vüqar Bayramov belə deyib.

Ekspert hazırda kreditlər üzrə aylıq ödənişlərin ödənilməsi ilə bağlı məsələyə də toxunub:

“Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablancaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.

Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.

Bəs kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq? Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək”.

Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək?

Vüqar Bayramov qeyd edib ki, kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa, vətəndaşa ödəniləcək:

“Məsələn, borc qiymətləndirildəkdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır. Bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır. Habelə güzəştlər məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər.

Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər”.

Kompensasiyadan sonra kredit bocu qalanlar borclarını necə qaytaracaqlar?

Vüqar Bayramov bu suala da aydınlıq gətirib: “Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min,ə onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir, qalıq borc 3.4 min manat olur. Bu borc ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur, ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin”.

Vüqar Bayramov qeyd edib ki, fərmana əsasən, fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən ediləcək: “Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq. Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər