Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan və Qazaxıstan arasında növbəti XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib. Teleqraf.com xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstanı isə xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib.
Azərbaycanın Qazaxıstanla bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən X.Xələfov, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və sair sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə Qazaxıstanın həssaslıqla yanaşmasının rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildiyini bildirən X.Xələfov, Azərbaycanın problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədiyini, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyi təqdirdə isə ölkəmizin bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu vurğulayıb.
Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini bildirən S.Ordabayev iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin daha da inkişafında iki ölkə rəhbərlərinin müstəsna rolunu vurğulayıb.
Görüş zamanı regionda baş verən mühüm hadisələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səxavət