“İran hakimiyyəti daxilində parçalanma davam edir. Hesab edirəm ki, ABŞ-ın sanksiyaları və bir çox Avropa şirkətinin Tehranla iqtisadi əməkdaşlıqdan çəkinməsi bu prosesi bir qədər də sürətləndirir. Faktiki olaraq, 2015-ci ildə İranla “Altılıq” arasında imzalanmış müqavilə işləmir”.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, keçən il ABŞ-ın sazişdən çıxması və sanksiyaların tətbiq edilməsi Qərblə İran arasında siyasi münasibətləri gərginləşdirdi:
“Bu da İran siyasi elitasındakı mühafizəkar və islahatçılar arasındakı fikir ayrılığını dərinləşdirdi. İslahatçı Prezident Həsən Ruhani və komandası ciddi təzyiqlərlə üzləşib. Mühafizəkarlar dini lider Xameneyinin ətrafında birləşərək siyasi hakimiyyəti ələ almağa çalışırlar.
Qeyd edim ki, bu prosesdən istifadə edən SEPAH öz siyasi imkanlarından istifadə edərək, namizədini prezident kürsüsünə hazırlayır. Buna görə də, SEPAH Xameneyidən dəstək almağa cəhd edir. Bu baxımdan, SEPAH-ın Qüds briqadasının komandanı, güney azərbaycanlı general Qasim Süleymani namizədlər arasında ən şanslısı hesab edilə bilər. Süleymani İranın Yaxın Şərqdəki hərbi əməliyyatlarını uğurla davam etdirir. Kifayət qədər nüfuzu, qətiyyətli dini-siyasi iradəsinə görə də, Xameneyinin dəstəyini ala bilər. Bu isə onun prezident postuna oturması şanslarını maksimum artırır”.