23 Mart 2019 13:31
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın paytaxtı İslamabadda islam respublikasının əsas bayramlarından olan Pakistan Günü münasibətilə hərbi parad keçirilib.

Teleqraf.com xəbər verir ki, budəfəki parad Hindistanla münasibətlərin kəskinləşməsi fonunda keçirildiyi üçün daha çox diqqət əkib.

Yerli vaxtla saat 05:00-dan etibarən İslamabadda mobil rabitə kəsilib. Tədbirə əvvəlki illərdə olduğu kimi xarici dövlətlərin nümayəndələri dəvət olunublar. Budəfəki paradın əsas qonağı Malayziyanın Baş naziri Mahathir Mohamad olub.

Paradda Azərbaycandan müdafiə naziri Zakir Həsənovun başçılığı ilə nümayəndə heyəti iştirak edib. Bundan əlavə tədbiri Oman və Bəhreyn nümayəndələri də izləyiblər.

Paradı Pakistan Prezidenti Arif Alvi qəbul edib. O, Pakistanın nüvə silahına malik “cəsur müsəlman ölkəsi” adlandırıb. Parada Baş nazir İmran Xan da qatılıb.

Paradda 4 minə yaxın əsgər, o cümlədən Azərbaycan, Bruney, Bəhreyn, Səudiyyə Ərəbistanı və Şri-Lanka paraşütçüləri iştirak ediblər.

Yüksək peşəkarlığa malik Türkiyə və Çin pilotları isə səmada öz məharətlərini göstəriblər.

Pakistan Günü hər il martın 23-ü qeyd olunur. 1940-cı ilin bu günündə Lahorda Pakistan dövlətinin yaradılmasının əsasını qoyan qətnamə qəbul edilib.


Müəllif: Səxavət