27 Mart 2019 21:14
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış meyxanaçı Aydın Xırdalanlının ölümündən sonra gənc yazar Kəramət Böyükçölün meyxana və meyxanaçılarla bağlı dediyi sərt fikirlər müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə bir qrup insan meyxana sənətinin əhəmiyyəti və rolunu vurğulayıb, digər qrup isə onu "küçə sənəti" adlandıraraq narkomaniyanı təbliğ etdiyini irəli sürüb. Mövzu ilə əlaqədar olaraq tanınmış sənət adamlarının fikirlərini öyrənmişik.

Tanınmış kinorejissor və ssenarist Şeyx Əbdül hesab edir ki, meyxana qədim söz sənətidir və onu "küçə sənəti" adlandırmaq əxlaqsızlıqdır:

“Bir neçə il əvvəl ATV kanalında “Söz” yarışması adlı veriliş həyata keçirmişdik. Bu mövzu akademiyada tədqiqat səviyyəsinə qədər gedib çıxdı. Meyxananı "küçə sənəti" adlandırıb narkomaniyanı təbliğ etdiyini demək əxlaqsızlıqdır. Bu fikri irəli sürən çox böyük səhv edir. Bu baxır ki, meyxananı hansı kontekstdə və hansı regionda istifadə edirlər. İkincisi, meyxananın əsası qədim dərviş-şaman avazlarından götürülüb, bu, təxminən beş min il əvvələ təsadüf edir. Meyxana folklor sənəti, xalqın bədahətən dediyi mahnılar, şərqilər, avazlar, oxşamalar, bayatılar, təriflər və müraciətlərdir. Dərin kökləri olan meyxananı bu günə qədər yüksək səviyyədə təbliğ edən ustadlarımız var. Onun əsasında bəhri-təvil deyilən janr dayanır. Əgər bu gün kimlərsə hansısa meyxanələrdə "üç badam, bir qoz" deyərək, çırtma vurub meyxana ifa edirsə, bunun qədim folklor mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Eynilə Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığımazam” adlı bəşəri qəzəlini “Məndə sığar ikən cahan” deyib hindsayağı tərzdə oxuduqları kimi.

Meyxana çox möhtəşəm və heç bir dünya xalqlarında analoqu olmayan çox qədim folklor sənətidir. Xalqın düşünən beyinləri bədahətən söz deyərək ona ritm qoşublar və nəticədə meyxana sənəti yaranıb. Yeddi muğamatın bir kökündə və bir avazında da meyxana oxunur. İndi kimlərsə meyxanələrdə ifa edirsə, bu boyda mədəniyyəti eybəcər təbliğə qurban vermək olmaz axı. Meyxana dərin kökləri, yüksək poeziya və ritmlə vəhdəti olan folklor sənətimizdir. Onun gözəlliyi, orijinallığı və qeyri-adiliyi təklif olunmuş şəraitdə qafiyə açılması, daha sonra qafiyə ölçülərinə uyğun şeir deyilməsi və şeirin qafiyəsinə uyğun muğamatın yeddi bəndinin birində o avazı ifa etməkdədir. Bu, əslində aktyoru teatrıdır. Hansısa uşaq-muşağın nə qələt və nə “yenilik” etdiyini başa düşə bilmirəm. Meyxananın arxasında Əliağa Vahid kimi kimi şairlər dayanır. Hətta orta əsrlərdə Nizami Gəncəvinin əsərlərində bədihə sənətinə rast gəlinir. Qədim dövrlərdə şamanlar və dərvişlər qapı-qapı gəzib şebeh və tamaşalar göstəriblər. Hansı mənəvi haqla çıxış edərək meyxananı pis tərəfə yozurlar? Onların qərəzi və məqsədi nədir? Burda pis nə var ki? Hansısa içki məclisində narkotik maddə istifadə edən bir kimsə meyxana deyib deyə bu sənəti aşağılamaq olmaz. Niyə ancaq pis tərəflərini götürürlər? Əgər onların həqiqətən də qərəzi yoxdursa, qədim mədəniyyətimizə elm, savad, intellekt və tədqiqat mədəniyyəti ilə yanaşırsa, o halda iddialarının mahiyyətini ortaya qoysunlar. Hansı xalqda var ki, qafiyə açılan kimi ona parta-partla şeir deyə bilsin? Meyxananı pis tərəfə yozan, o cür təbliğ edən adamlar özləri o yolun yolçusudur. Gedib öz işləri məşğul olsunlar. Əgər maariflənmək istəyirlərsə, zəhmət çəkib xalqın folklorunı, tarixini və mədəniyyətini araşdırsınlar, soy-kökləri ilə tanış olsunlar”.

Şair Baba Vəziroğlu isə bu məsələdə televiziya kanallarını ittiham edib:

“Demokratiya dövründə yaşayırıq, kim istəyir meyxana oxuyur, kimisi rep deyir, kimisi də muğam ifa edir. Hər kəs öz istədiyi sənətlə məşğul ola bilər. Bu, onların hüququdur. Məni narahat edən məsələ televiziyaların yürütdüyü siyasətlə bağlıdır. Hər kəsin oxumaq azadlığı olduğu kimi televiziyanın da saf-çürük etmək prinsipi olmalıdır. Hər şeyi sənət adı ilə efirə çıxartmaq olmaz. Odur ki, meyxanaçıları yox, televiziyaları qınayıram. Telekanallar heç bir çərçivə və ölçü olmadan küçə sənətini və ya mağar toyu estetikasını efirə çıxarır.

Meyxana əlbəttə ki, söz sənətidir. Çünki bu insanlar sözlə məşğuldur, onların materialı sözdür, meyxana söz oyunudur. Hər daşla əlləşən insan bənna olduğu kimi, sözlə əlləşib-vuruşan, sözlə özünə çörək qazanan və karyera quran adama incəsənət nümayəndəsi demək olar. Amma burada sənətkarlığın hansı səviyyədə olması və sözdən nə düzəltməsi də böyük əhəmiyyət kəsb edir. Bənna var ki, daşdan saray ucaldır, bənna da var ki, eyni daşdan heç divar hörə bilmir. Bu mənada meyxanaçının sözdən nə yaratdığı, nəyə xidmət etdiyi, kimə nə fayda verdiyi və ya insanları maarifləndirdiyi əsasdır. Bu da artıq tamamilə başqa söhbətdir. Söz var ki, faşizmə xidmət edər, söz də var ki, sülhə səsləyər. Odur ki, KİV seçim etməyi bacarmalıdır, nəyi efirə buraxmaq olar, nəyi yox. Meyxanaçıların deyişməsi qəbulediləndir, o müstəvidə normaldır, lakin eyni mənzərini və mağar toyu estetikasını efirə daşımaq başqa bir məsələdir. Meyxanaçıları qınamıram, günah onu təqdim edən, palatka məclislərinin arxasınca düşən və onun səviyyəsinə enən televiziya kanalları və saytlardadır”.

Mövzu ilə bağlı tanınmış meyxana ustadı Namiq Məna isə qeyd edib ki, meyxana Azərbaycanın bəstəkar və kino yaradıcılığında da öz əksini tapıb:

“Orta məktəb ədəbiyyatında da görkəmli aşıqların deyişmələrinə rast gəlirik. Daha qədimlərə nəzər salsaq, Mir Möhsün Nəvvabın yaradıcılığı ilə tanış olanda görürük ki, o vaxtlar məclisi-şüəralarda şairlər bədahətən şeirlər söyləyib. Bakıda və Abşeronda şairlər yaradıcı müzakirələr və təhlilər aparıblar. Meyxana dünyada analoqu olmayan bir janrdır və bizdə daha təkminləşmiş formadadır. Rep kimi buna oxşar janrlar olsa da, amma bədihə janrında bədahətən demək tələb olunur. Meyxana əruz vəzninə və aşıq ədəbiyyatına yaxındır. Aşıq janrında qoşamalardır, bizdə isə bədihələrdir.

Meyxana şərab evi mənasındadır, odur ki, bu sənəti meyxana adlandırmaq onu mahiyyət etibarilə aşağılayırıq. Bu janr heç bir küçə folkloru deyil, şifahi xalq ədəbiyyatının bir qoludur. Sadəcə sovet dövründə milli-mənəvi dəyərlərimizə dəyən zərbələr bu janrdan da yan keçməyib. Çünki o vaxt bədihə deyənlər sosial və siyasi yönümlü mövzulara toxunurdu. Manaf Süleymanovun “Eştdiklərim, gördüklərim və oxuduqlarım” kitabında bədihə haqqında onun araşdırmaları öz əksini tapıb. Eyni zamanda “Onu bağışlamaq olarmı?” və “Bizim Cəbiş müəllim” kimi retro filmlərimizdə də bədihə janrına yer verilib. Həsən Seyidbəyli çəkdiyi “Bizim Cəbiş müəllim” filmində müharibə vaxtı Əliağa Vahidin bədihələrindən və qəzəllərindən əsgərləri ruhlandırmaq üçün çox gözəl istifadə edib. Meyxana ustası Ağasəlim Çildağ isə bu sənətin inkişafında göstərdiyi xidmətlərə görə vaxtı ilə "Şöhrət ordeni" ilə təltif olunub.

Bir sıra bəstəkarlar və yaradıcı sənətkarlar əsərlərindəki səhnələri daha baxımlı və təsirli etməkdən ötrü bədihə janrından istifadə edib. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasında meyxana kupletləri təqdim olunub. Dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) “Sevil” operasında “Əbduləli bəylə Məmmədəli bəyin dueti”ndə də bədihə frazaları verilib.

Sözsüz ki, xalqın tələbi və təkidi ilə ulu öndərimizin hakimiyyətə qayıdışından sonra bədihə janrına böyük diqqət ayrılmışdı. Bu janrın Novruz şənliklərində xüsusi yeri var. Ağasəlim Çıldağ vaxtı ilə Heydər Əliyevin qarşısında bədihə demişdi. Şəxsən mən də dəfələrlə prezident qarşısında çıxış etmişəm. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq muğam müsabiqəsinin yekun konsert proqramını bədihə deyərək aparmışam. Bu konsertlərdə aparıcı kimi sazın müşayiəti ilə şeirlərimi səsləndirmişəm. 2009-cu ildə ABŞ səfiri və ABŞ dövlət katibi Kandoliza Raysın dəvəti ilə 1 ay ABŞ-da mədəniyyətimizin və bədihə janrının təbliğatı ilə çıxışlar etmişəm.

Bədihə janrı haqqında dərin bilikləri olmayan adamların fikirlərini əhəmiyyətli hesab etmirəm. Bu baxımdan qeyri-peşəkar birinin cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmasının əleyhinəyəm. Kimsə bədihə haqqında fikir söyləyirsə və onu küçə sənəti adlandırırsa, tutarlı arqumentlər gətirməlidir və fikrini əsaslandırmalıdır.

Nizami Gəncəvinin "Xəmsə"sində və “Kəlilə və Dinmə” kitabında bədihələrə rast gəlirik. Bədahət şeir janrının heç bir küçə folkloruna aidiyyatı yoxdur. Əgər kimsə etiraz edirsə, onu debata çağırıram və istənilən vaxt debata hazıram. Unutmaq lazım deyil ki, dövlətimiz tərəfindən mədəniyyətimizə və bədihə janrına yetəri qədər dəstək var. Əgər Azərbaycan Yazıçılar Birliyi mənə etimat göstərib Regional Bölmə sədri təyin edirsə, demək ki, bədihə sənətini yüksək qiymətləndirirlər. Odur ki, bu sənətin üstünə bu qədər getmək olmaz.

Hər bir peşənin özünün “xəstəliyi” var. Məsələn, müəllimlər, xanəndələr, müğənnilər və bizim sənətin nümayəndələri tədbirlərdə çox danışmaqdan və çox oxumaqdan boğazında faringit yaranır. Bu janrın nümayəndələrinin 99 faizində rast gəlinən digər bir peşə “xəstəliyi” isə nevrotik əlamətlərdir. Gecələr yuxusuz qalmaq və rejimsiz yaşamaq birbaşa insanın psixikasına təsir göstərir. Biz ömrümüzü şam kimi əridib el şənliklərində çıxış edərək neçə-neçə insanların ürəyini açırıqsa, burda hansı küçə sənətindən söhbət gedə bilər. Düzdür, bu janrın elə daşıyıcıları var ki, onlar sadəcə el şənlikləri və yaxud da içki məclisləri üçün yararlıdır. Amma elə nümayəndələri var ki, həm öz əxlaqi keyfiyyətləri, həm də sənətkarlığı ilə nümunə olmağa çalışır. Tövsiyə kimi onu deyə bilərəm ki, bədihə janrının daşıyıcıları efirə dəvət ediləndə daha məsuliyyətlə yanaşmalıdır. İrad bildirənlərə sözüm odur ki, janrın inkişafı üçün öz təkliflərini irəli sürsün, ucuz reklamlara qaçmasın. Bədihə janrı xalq arasında çox sevilir, odur ki, digər sənət adamları bu sənət haqqında fikir bildirirsə, istər-istəməz gündəmə gələcək”.

Söz ustadının “Sənətkara onun həyat tərzinə görə qiymət verməliyikmi” sualına cavabı isə belə olub:

“İnsanın özündən asılıdır, adam var ki, zəif xarakterindən dolayı mühitə düşəndə pis vərdişləri mənimsəyir. Elə adam da var ki, düşdüyü mühiti özü ram edir və əlinə alır. Lakin bizim janrının nümayəndələrinin əksəriyyəti zəngin mütaliəsi olan ali təhsilli insanlardır”.

“Elektronik sevdalar", "Mustafa", "Polis qorxusuyla öpüşmək", "Doqquz hekayə", "Fələk qırmancı" kitablarının müəllifi vətanınmış jurnalist Qan Turalı Cəfərov qeyd edib ki, meyxana incəsənət deyil:

“Meyxana incəsənət deyil. Qara Qarayev də sənətkardır, Ağamirzə də? İsa Hüseynov nədir bəs? İncəsənət nədirsə o, çox bəllidir. Deyirlər, folklordur. Folklor guya incəsənətdir ki? Bir adam göstərin ki, Kafkanın "Çevrilmə"sini oxuyub, sonra Ağasəlim Çıldağın meyxanasından həzz alır. Nazim Hikməti sevir, Lamartinə pərəstiş edir, sonra Namiqin rəvayətindən ləzzət aparır. Kiminsə qüruruna ağır gələr, amma yenə deyirəm: "Pərəstiş etdikləriniz boydasınız". Kiminiz Selinceri sevin, kiminiz Mehman Əhmədlini. Özünüz bilərsiz, Allahınız bilər. Amma biz incəsənətin nə olduğun bilirik. Dediyim kimi, sonra ətraflı yazaram. Hələlik bu qədər...”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər