"31 mart erməni qaniçənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik və soyqırımın anım günüdür. Bu qəbilədən olan vəhşilik və qətliamlar erməni millətçiləri tərəfindən dəfələrlə törədilməsinə baxmayaraq, "mədəni" Avropa yüz ildən çoxdur ki, susmaqda davam edir".
Teleqraf.com-un məlumatına görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
"Beləcə olaraq, yüz ildən çoxdur ki, "ikili standartlar" yaranıb və bu gün də tətbiq edilir. Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad olmasına, həmvətənlərimizin öz yurd-yuvasına dönməsinə, sadəcə, ədalətin bərpa olunmasına da məhz həmin ikili standartlar mane olur.
Azərbaycan xalqı soyqırımı qurbanlarını daim anaraq tarixi yaddaşını qoruyub saxlayır, ədalətin bərpa olunacağına, soyqırımlarına layiqli siyasi və hüquqi qiymət veriləcəyinə inamını heç zaman itirməyib. Heç bir beynəlxalq təşkilat bunu etməsə də, qüdrətli Azərbaycan dövləti özünün tarix və xalqımız qarşısındakı müqəddəs borcunu yerinə yetirəcək.
Tariximizi və müsibətlərimizi unutmamalıyıq. Qələbənin yolu birlikdən, həmrəylikdən, müqəddəs vəzifələr naminə dövlətimizin ətrafında sıx birləşməkdən keçir.
Hamımızı birliyə, həmrəyliyə, dövlətimizin qüdrətinin daha da artması və torpaqlarımızın geri qaytarılması naminə mübariz olmağa çağırıram", - Baş nazirin müavini vurğulayıb.