“Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bir sıra beynəxalq təşkilatların Azərbaycana qərəzli münasibəti ilə bağlı bəyanat yayıb.
Teleqraf.com-un məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bir çox beynəlxalq təşkilatlar çalışıblar ki, dövləti öz müstəqil siyasətindən çəkindirsinlər və regionda Azərbaycanı öz siyasi maraqlarının təminatçısına çevirsinlər: “Bütün bunlar son vaxtlar baş verən hadisələrdə açıq şəkildə bir daha sübut olunur. Son vaxtlar Azərbaycan cəmiyyəti bir daha Avropa Şurasının, “Amnesty İnternational”ın və “Human rights Watch” kimi təşkilatların Azərbaycana olan qərəzli münasibətinin şahidi olur.
“Amnesty İnternational”ın və “Human rights Watch”un erməni lobbisi tərəfindən Azərbaycana qarşı yönəldilməsi və əsas hədəf kimi ölkəmizin milli maraqlarına zərbə vurması dəfələrlə sübut olunub. Təəssüf hissi ilə qeyd edirik ki, Avropada özünü demokratik dəyərlərin qoruyucusu və insan haqlarının müdafiəçisi kimi göstərən Avropa Şurası kimi bir təşkilatın verdiyi bəyanatda da ikili standart müşahidə olunur. Təşkilatımızın adından bəyan edirik ki, bu təşkilatların Azərbaycan dövlətinə qarşı tutduğu siyasətlə barışa bilmərik. Vətənə xəyanət ittihamı ilə həbsə atılan Leyla və Arif Yunusovlara qarşı konkret ittiham olduğu halda və istintaqın getdiyi bir vaxtda digər tərəfdən küllü miqdarda vergidən yayınma ittihamı ilə həbsə atılan QHT rəhbərlərinin həbsini əsas tutaraq, bu cür bəyanatlar verməsi heç bir hüquqa söykənmir”.
Bəyanatda o da qeyd edilir ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə həbslərin şahidi oluruq: “Qonşu Gürcüstan dövlətinə nəzər yetirdikdə 100-dən artıq şəxsin siyasi məhbus olduğunu iddia edən Avropa Şurasının nədənsə Gürcüstanla bağlı indiyə qədər hər hansı bir bəyanat verilməyib. Gürcüstanda həbs olunanlara nəzər yetirdikdə onların böyük əksəriyyəti jurnalist, QHT üzvü, bloqçu, hüquq müdafiəçisi statusunu daşıyanlardır. Niyə susursunuz?! Digər tərəfdən biz hesab edirik ki, ölkə vətəndaşlarının hansı status daşımasından aslı olmayaraq qanun qarşısında bərabərdir və bu məsələ ilə bağlı heç bir beynəlxalq təşkilat bundan istifadə edib Azərbaycan dövlətinə yönəlik siyasət apara bilməz!”
Bəxtiyar
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.