31 Mart 2019 14:14
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, anım mərasimi və konfrans Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub.

Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov açılış nitqində bildirib ki, konfransın məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasıdır.

Konfransda mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov və Qənirə Paşayeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və başqaları məruzələrlə iştirak edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər