“Bu cür və bənzər hadisələrin baş verməsi həm ziyalılar, həm də sadə vətəndaşlar tərəfindən məqbul sayılmır. Çünki illərlə oturuşmuş əxlaqi dəyərlər, adət-ənənələrimiz var ki, bu milli-mənəvi dəyərlərdən gəlib keçir. Həmin görüntülər də kişi və qadının əxlaq və dəyərləridir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçəri şəhər “Cümə məscidi”nin axundu hacı Surxay Məmmədli sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoya münasibət bildirərkən deyib.
QMİ rəsmisi qeyd edib ki, əxlaq və tərbiyə, ilk növbədə, ailədən gəlir: “Hər insan öz ailəsinə diqqət etməlidir. Cəmiyyətdə əgər pozğunluq, əxlaqsızlıq, hər hansı fəsadlar baş alıb gedirsə, o zaman insan öz kökünə, tərbiyəsinə qayıtmalıdır. Cəmiyyətdə günahlar, fəsadlar açıq və gizli şəkildə baş verir. Açıq şəkildə görülən günahlar cəmiyyətdə qəfil ölümlərə gətirib çıxara bilər”.
O həmçinin əlavə edib ki, məktəblərə milli-mənəvi dəyərlərin təbliği güclü olmalıdır: “Kütlənin belə şəkildə əxlaqsızlığa tərəf getməsi millətin məhvi deməkdir. Əgər din insana milli-mənəvi dəyərlər aşılaya bilmirsə, deməli dinin mahiyyəti itir. Bir insan əxlaqsızlıqla məşğul olub bunu ictimaiyyələşdirirsə, bu cəmiyyətə və ətrafa böyük təsir edəcək və bu da yolverilməzdir”. /Report/