Azərbaycanda Davamlı İnkişaf Məqsədləri ilə bağlı çoxsaylı işlər görülür, layihələr, islahatlar həyata keçirilir. Nəticədə bir çox uğurlar əldə edilib. İslahatlar, layihələr bu gün də sürətlə davam edir".
Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yaz sessiyasında Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi çərçivəsində BMT ilə əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, Azad Demokratlar Qrupu əsas məqsədlərdən biri olan gender bərabərliyi mövzusuna bütün üzv ölkələrdə daha çox diqqət ayrılmasına çağırır: "Davamlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə nail olunmasına baxmayaraq, bu sahədə üzv ölkələrdə daha çox işlərin görülməsinə böyük ehtiyac var. Unutmamalıyıq ki, gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Xüsusilə qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına daha çox önəm verilməlidir. Davamlı İnkişaf Məqsədlərinin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilmişdir. Unutmamalıyıq ki mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan indeksi inkişafı ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyətə malikdir. Belə ki, gender bərabərliyi faktoruna əsaslanan insan inkişafı indeksi qiymətləndirmədə nəzərə alınan əsas göstəricilərdəndir. Buna görə də 5-ci məqsədin əsas istiqamətlərdən biri kimi seçilməsi digər məqsədlərin sürətli həyata keçirilməsinə də dəstək ola bilər. Bir sıra ölkələrdə qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə həyata keçirilən layihələr, cəmiyyətin maarifləndirilməsi işləri artırılmalıdır. Biz hesab edirik ki Dayanıqlı İnkişaf Məqsədlərinin üzv ölkələrdə tədris proqramlarına daxil edilməsi məqsədəuyğun olardı. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də, insan alveri hallarına qarşı mübarizəni daha da gücləndirməliyik".
"Azad Demokratlar Qrupu olaraq yoxsulluqla mübarizəyə, qaçqın və məcburi köçkünlər probleminə diqqəti daha çox artırmağa çağırırıq. Mən torpaqlarının 20 faizi Ermənistanın işğal altında olan və 1 milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin təmsilçisi olaraq demək istəyirəm ki, yaşadığımız dünyada hər gün minlərlə insanın münaqişələrə görə, işğallar səbəbindən sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalması bizim hamımızı ciddi narahat etməlidir. Unumamalıyıq ki yüksək yoxsulluq səviyyəsinə daha çox qeyri-stabil və münaqişələrdən əziyyət çəkən kiçik ölkələrdə rast gəlinir. Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması istiqmətində ümumi səyləri daha da gücləndirməliyik. QİÇS, vərəm, hepatitlə mübarizənin daha da güclənməsinə ciddi ehtiyac var. Gənclər arasında narkotik maddələrdən istifadə və asılılğın artmasına qarşı mübarizəni, “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasının bütün ölkələrdə icrasını zəruri səviyyədə gücləndirmək lazımdır. Biz bu gün müzakirə olunan sənədlərdə qeyd edilən təklifləri də dəstəkləyirik. Ümid edirik ki, bu cür müzakirələr və müzakirə etdiyimiz sənədlərdə qeyd olunan təkliflərə üzv ölkələrdə daha çox diqqət yetirilməsi əldə edilən uğurları daha da artırar", - Q.Paşayeva deyib./Report/