11 Aprel 2019 23:23
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ölkəmizdə insanların mənəviyyatını korlayan, əxlaqsızlıq, avaraçılıq və hətta narkomaniyanı təbliğ edən mahnıların sayı sürətlə artır. Sosial şəbəkələrdə belə mahnıların kliplərini milyonlarla insan izləyir. Xüsusilə də gənclər arasında belə mahnılara maraq göstərənlərin sayı sürətlə artır. Azərbaycan bəstəkarları isə həyəcan təbili çalırlar. Belə getsə, təkcə cəmiyyətimiz deyil, eyni zamanda tarixi musiqi ənənələrimiz də korlana bilər.

Avaraçılıq və tüfeyli həyat tərzi açıq şəkildə təbliğ olunur.

Heç bir mənası olmayan, insanların əxlaqını korlayan sözlərdən ibarət mahnılar yazılır və cəmiyyətə təqdim edilir. Maraqlıdır ki, bu musiqilər qısa zamanda məşhurlaşır və bəzi hallarda sosial şəbəkələrdə milyonlarla insan tərəfindən izlənərək trendə çevrilir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar Firəngiz Əlizadə deyir ki, belə mahnılar cəmiyyətə yalnız və yalnız ziyan vurur. Həm də Azərbaycan musiqi tarixinə ləkə gətirir.

Firəngiz Əlizadə bildirir ki, bu mahnıları ərsəyə gətirənlər adətən sənətdən və təhsildən uzaq insanlar olurlar. Ona görə də onlar cəmiyyətə vurduqları ziyanın fərqinə belə varmırlar.

Əslində əksər sıravi vətəndaşlar da belə musiqilərlə gələn sosial siqnalın fərqindədirlər.

Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri İzzət Rüstəmov deyir ki, hər bir mahnı onu dinləyənin düşüncəsinə və həyat tərzinə təsir edir. Çünki belə bayağı mahnılar öz dinləyicilərini bataqlığa sürükləyir və cəmiyyətdə sosial fəsadlar törədir. Ona görə də xüsusilə valideynlər diqqətli olmalı və övladlarının musiqi zövqünün formalaşmasında iştirak etməlidirlar.

Reallıq isə odur ki, avaraçılığı və narkomaniyanı təbliğ və təlqin edən mahnılar sürətlə yayılmağa davam edir və hər keçən gün zövqümüz daha da korlanır. Bu haldan ziyan görən isə bütövlükdə Azərbaycan cəmiyyətidir.

https://youtu.be/-9ka0mr-wXg


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər