15 Aprel 2019 14:13
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğal edilmiş Azərbaycan torpaqlarından narkoticarət məqsədilə istifadə edilməsi problemi bizi çox narahat edən məsələdir. Təəssüf ki, işğaldan sonra İranla Azərbaycan sərhəddindəki 132 km sahə bizim nəzarətimizdə deyil. Həmin ərazilər narkoticarət məqsədilə istifadə edilir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı konfransa həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan torpaqlarında ermənilər narkotik istehsalı ilə məşğul olur:

“Təəssüf ki, İranla sərhəddə olan bu toprpaqlar çox münbitdir, ermənilər həmin torpaqda narkotik əkir, satır, satışdan silahlar əldə edir, həmin ərazilərdə təlimlər keçir, cinayət qrupları formalaşdırıb dünyanın münaqişə zonalarına göndərir. Biz Prezidentin tapşırığı ilə bu barədə BMT-nin Vyana ofisinə məktub göndərdik. Hüquq- mühafizə orqanları tərəfindən həmin torpaqlarda narkotiklərin becərilməsi və digər hallarla bağlı çəkilişlər əsasında faktlar göndərdik. Bununla bağlı Komissiya yaradıldı. Lakin quduzlaşmış Ermənistan tərəfi həmin komissiyanı əraziyə buraxmadı. Oradan dünyaya narkotik göndərməkdə davam edirlər. Lakin problem bununla bitmir. Azərbaycan ipək yolunun üzərində yerləşdiyi üçün əfqan narkotik ticarəti Azərbaycan ərazisindən keçir. Azərbaycana daxil olan tranzit marşrutlarından narkotik vasitələr Avropaya, Yaponiyaya qədər göndərilir. 2006-cı ildə dünyada 10 min 500 tona yaxın tiryək istehsal edilib, 9 min tonu əfqan istehsalıdır. Onun əksər hissəsi işğal edilmiş torpaqlarımızdan keçir. Bəllidir ki, tranzit ölkələrdə də həmin narkotik vasitələr qalır”.

Ə.Həsənov bildirib ki, ölkənin ticarət imkanlarının genişlənməsi narkomafiyanın diqqətindədir:

“Son illərdə Azərbaycan iqtisadiyyatı, yükdaşımalar inkişaf edib, beynəlxalq hava limanlarımız var, turistlərin sayında artım müşahidə edilir. Bütün bunlar da narkomafiyanın diqqətindən kənarda qalmır. İnsanların gediş- gəlişi, turizm potensialı yüksək olan ölkələrdən narkomafiya istifadə edir. SSRİ dağılandan sonra dövlətlərin sərhədləri darmadağın edildi.Biz dövlət sərhəddini möhkəmləndirənə qədər beynəlxalq mafiya bundan istifadə etdi. Düzdür, bu gün də istifadə edir, lakin əvvəlki vəziyyətdə deyil.Biz tədbirlərimizi gücləndirdikcə narkomafiya yeni üsullara əl atır. Düzdür, milli adətlərimiz narkotik istifadəsi kimi problemdən bizi qoruyur, lakin dünyaya çıxış imkanları artdıqca, bu problem aktuallaşmağa başlayır. Əsas cənub sərhəddindən ölkəmizə narkotik vasitələr daxil olur. Buna görə də daim İran tərəfi ilə danışıqlar aparırıq”.

Apteklərdə narkotik tərkibli məhsulların satışına gəldikdə, Ə.Həsənov bu problemin aradan qaldırıldığını deyib.


Müəllif: Gülxar

Oxşar xəbərlər