Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev xidmətin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-dən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müdafiə mövqelərinin möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqların icra vəziyyəti haqqında məruzələr dinlənilib.
Dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verilib.
Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilən yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıqlarına görə minnətdarlıq bildirilib, çay süfrəsi arxasında söhbət aparılıb.