17 Aprel 2019 15:24
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin xarici işlər naziri Yaçek Çaputoviç ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarovla polşalı nazir arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

Öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan nazir Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkürünü bildirib.

Eyni zamanda, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və infrastuktur layihələri haqqında məlumat verən E.Məmmədyarov bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də, Trans-Xəzər və Cənub-Qərb nəqliyyat dəhlizləri haqqında danışan nazir Azərbaycanın Polşa ilə bu istiqamətdə əməkdaşlıq etdiyini və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir Yaçek Çaputoviç iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib. O, Polşanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıb.

Nazirlər iki ölkə arasında qarşılıqlı səfər mübadiləsi, ticarət dövriyyəsinin artırılması və müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri müzakirə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.


Müəllif: Səxavət