Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Açılışa bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Onların təxminən 25-i şagirddir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şuralarının digər əlaqələndiriciləri iştirak edib.
Giriş sözü ilə çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasınınvacibliyini qeyd edib. O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə işləməsi bizim üçün olduqca vacibdi.
Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu bildirib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib addımdı. O, nəzərə çatdırıb ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.
Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb.
Məktəbdə kitabxana da fəaliyyət göstərir və orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.
Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.