23 Aprel 2019 09:01
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyadan almağa hazırlaşdığı və dünyanın ən təkmil hava müdafiə sistemləri olan "S-400"ləri hansı ərazilərə yerləşdirəcəyini müəyyənləşdirmək üzrədir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib.

Nazir bildirib ki, "S-400" bateriyalarının Ankara və İstanbula, eləcə də Türkiyənin Egey və cənub bölgələrinə yerləşdiriləcəyi gözlənilir.

Təhlükəsizlik ekspertləri "S-400"lərin Egey dənizi ətrafında qurulmasının Türkiyəyə bölgədə strateji üstünlük gətirəcəyini deyirlər. Cənub sərhədlərdə Qaziantep və Xatay bölgəsində bu sistemlərin mövcudluğu isə Suriyadan hər hansı raket təhdidlərini aradan qaldıracaq.

Məlumata görə, Türkiyəyə 4 hissədən ibarət 2 "S-400" sistemi təqdim ediləcək. Hər sistemdə 72 olmaqla cəmi 144 raket olacaq. Bundan başqa, ayrıca 48 yedək raket də Türkiyənin ixtiyarına veriləcək. Beləliklə, Türkiyə ordusu 192 raketə sahiblənəcək.

Bu raketlər 600 kilometrə nəzarət edə, 185 kilometr yüksələ və 400 kilometri vura bilir. Onun cavab reaksiyası 10 saniyədən də tezdir.

ABŞ Türkiyənin Rusiyadan bu silahları almasına etiraz edir.


Müəllif: Mahir

Oxşar xəbərlər