25 Aprel 17:36

Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçirilmişdir.

Teleqraf.com xəbər verir ki, mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriyasının rəhbəri, professor, Y.H. Məmmədəliyevin Memorial Muzeyinin direktoru Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbirin birinci hissəsində Akademiyanın rəhbərliyi keçirilən bu tədbirin məqsəd və məramı haqqında məlumat verdi. Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində quraşdırılması ideyası və həyata keçirilməsi barədə tədbir iştirakçılarına danışdı. Vüqar Baxışov Nazirliyin rəhbərliyinin salamlarını Akademiyaya çatdıraraq rəsmi təşəkkür məktubu təqdim etmişdir. Reyhan Əliyeva tədbirdə akademik Y. Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında və hüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışdı. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan film nümayiş olundu.

Tədbirin ikinci hissəsində Akademiyanın Kimya fakültəsinin korpusunda Y. Məmmədəliyevin barelyefin rəsmi açılış mərasimi həyata keçirildi və barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyuldu. Eyni zamanda Kimya fakültəsinin tələbələrinin bir qrupu, o cümlədən burada təhsil alan bir Azərbaycan tələbəsi iştirak etmişdir.

Əlavə olaraq qeyd olunmalıdır ki, akademik Yusuf Məmmədəliyevin “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçalar və onun həyat və yaradıcılığını əks etdirən bukletlər mərasim iştirakçılarına paylanmış, habelə xeyli sayda nüsxə Akademiyanın kitabxanasına bağışlanmışdır.


Müəllif: Teleqraf.com