Aprelin 26-da Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın Uruqvay Şərq Respublikasında akkreditə olunmuş səfiri Rəşad Aslanov arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, Azərbaycan səfirinin müraciəti əsasında keçirilən görüşün başlıca məqsədi gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada, həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvay xarici əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib.
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq qurumun qondarma “xarici işlər nazirinin” Uruqvaya səfəri məsələsinə gəldikdə isə, Uruqvay hökumətinin mövqeyinin fundamental və dəyişilməz olduğu XİN rəsmisi tərəfindən vurğulanıb.
Bəyan edilib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Uruqvay Dağlıq Qarabağın müstəqilliyini tanımır. Münaqişənin sülh yolu ilə həll edilməli olduğu qeyd edilərək, Uruqvayın ATƏT-in Minsk Qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəklədiyi vurğulanıb.
Görüşlə bağlı Uruqvay Xarici Əlaqələr Nazirliyi mətbuat üçün məlumat yayıb.
Azərbaycan səfirinin, həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib.
Görüş nəticəsində Uruqvay Baş Assambleyası (parlament) rəhbərliyinin mətbuat açıqlaması yayılıb. Mətbuat açıqlamasında Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş “Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk Qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir” fikrinin tam dəstəklədiyi bəyan edilib.
Səfir Rəşad Aslanov Uruqvayın keçmiş prezidenti Xose Muxiko ilə də görüş keçirib. Dostluq şəraitində baş tutan bu görüşdə keçmiş prezident münaqişələrin sülh şəraitində həll edilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan xalqına tərəqqi və uğurlar arzulayıb.