29 Aprel 2019 17:49
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Mariya Peyçinoviç Buriçlə görüşüb.

Teleqraf.com xəbər verir ki, xorvatiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə edib və əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən E.Məmmədyarov bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirməli olduğunu söyləyib. Səfər çəçrivəsində təşkil olunan Azərbaycan-Xorvatiya biznes forumunun bu baxımdan mühüm rol oynadığı bildirilib.

Görüş zamanı nazir Elmar Məmmədyarov, həmçinin Xorvatiyadan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Xorvatiya şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.

Nazir Mariya Buriç iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı perspektivlərinin dəyərləndirilməsi baxımından Bakıda keçirilmiş biznes forumunun önəmini səsləndirən xanım nazir, növbəti biznes forumunun yaxın gələcəkdə Zaqrebdə təşkil ediləcəyini bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Xorvatiyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər Azərbaycan Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığının yubiley tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Daha sonra tərəflər birgə mətbuat konfransı keçirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər