Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Əvvəlcə Forumun bütün iştirakçılarını salamlayır, bu gün bizimlə birlikdə olduqlarına görə qonaqlarımıza təşəkkürümü bildirirəm. Burada 100-dən artıq ölkədən 500-dən çox qonağımız var. Bu, onu göstərir ki, bu Forum nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrilib.
Xatirimdədir, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq.
Foruma göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir.
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur.
Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir.
Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.
Mültikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimiz, kökümüz və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar.
Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq.
Əminəm ki, bu gün və sabah Forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq.
Ötən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etdik. Bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı Prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir.
Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və əminəm ki, müsbət rolunu oynayır. Bizim dialoqa ehtiyacımız var. Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir. Forumun adı belə dialoq adlanır. Yəni, biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüs geniş beynəlxalq dəstəyə malikdir.
Bu gün “Bakı Prosesi” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Əminəm ki, “Bakı Prosesi”nin böyük gələcəyi var.
Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. Biz körpülər qururuq. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əlbəttə, bizim coğrafiyamız tariximizə təsir edib və bugünkü inkişafımıza da təsir etməkdədir.
Bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpülər, eyni zamanda, praktiki baxımdan da nəqliyyat bağlılığı yaradan körpülər.
Ötən il biz müstəqilliyimizin 27-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan müasir infrastruktura və gələcəklə bağlı aydın baxışa malik, inkişaf edən ölkəyə çevrilib. Uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir.
BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır.
İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir.
Bu böyük problem və humanitar fəlakətə baxmayaraq, Azərbaycan müasir ölkəyə çevrilə bilib. Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır. Biz İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüyük. Bizim Avropa İttifaqı ilə yaxın münasibətlərimiz var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Qeyd etdiyim kimi, “Bakı Prosesi” Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulması baxımından bizim töhfəmizdir.
Yəni, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bizim xarici siyasətimiz bizə əhəmiyyətli beynəlxalq nəqliyyat layihələrini reallaşdrımağa imkan yaradır. Müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünsüz olardı. Son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə söykənib. Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyata keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanmağa imkan yaradır.
Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu “Doing Business” hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur.
Biz xarici borcumuzun azaldılması strategiyası üzərində çalışırıq. O, onsuz da aşağı səviyyədədir – ümumi daxili məhsulumuzun 19 faizi səviyyəsində. Eyni zamanda, biz iqtisadiyyatımızın şaxələndirilməsi, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılması üzərində çalışırıq. Bu, gündəliyimizdə duran başlıca məsələlərdəndir. Çünki bizim iqtisadi inkişafımız insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. On beş il öncə əhalinin 50 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Bu gün bu göstərici 5-6 faiz səviyyəsindədir.
Yoxsulluq, işsizlik, sosial bərabərsizlik və savadsızlıq radikalizmin və ekstremizmin mənbələrindəndir. Azərbaycan beynəlxalq terrorizm, radikalizm və ekstremizmlə mübarizədə çox fəal tərəfdaşdır. Bununla yanaşı, biz dünyada İslam sivilizasiyasının dəyərlərini təbliğ edirik. Biz dünyanın müxtəlif yerlərində öz mədəniyyətimizi və digər tərəfdaş müsəlman dövlətlərinin mədəniyyətini əks etdirən çoxsaylı sərgi və təqdimatlar keçiririk.
Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız nəqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havanı dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir nəqliyyat infrastrukturu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirib. Yaxın qonşularımız və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq olmasa idi, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdaşlar tələb olunur.
Nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır. Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir.
Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda, lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik.
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir.
Əziz dostlar, Azərbaycanda keçirilən bugünkü Forum əlamətdar hadisədir. Bir daha bu Forumda iştirak edən bütün tərəfdaşlar, tərəfdaş təşkilatlar, ziyalılar, alimlər, siyasətçilər, ictimai xadimlər, QHT və media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Əminəm ki, müzakirələr səmərəli olacaq və bunun nəticəsində müvafiq tövsiyələr veriləcək və ölkələrin gələcəyi və regional inkişafla bağlı qərar qəbul edən şəxslər bizim tövsiyələrimizi nəzərə alacaq, beləliklə, dünya daha sabit və təhlükəsiz olacaq.
Çox sağ olun".