Müsahibə bir daha göstərdi ki, Əli İnsanov dəyişməyib. Necə ki əvvəllər ikiüzlülüklə, riyakarlıqla, insanları aldatmağa çalışmaqla siyasət qururdu, indi də eyni metodla davam edir. O fikirləşir ki, yaşlı nəsil onun keçmişdə etdiyi cinayətləri, iş metodlarını unudub, gənc nəsil isə onu tanımır, ona görə də ağ libaslı mələk kimi qəbul edəcək.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, Ə.İnsanov əvvəla Azərbaycana regionçuluq toxumu səpməyə çalışan bir insan idi və bunun qarşısı alındı:
“Əli İnsanov ölkə rəhbərliyini – həm prezident Heydər Əliyevi, həm də Prezident İlham Əliyevi guya səhiyyədə islahat apardığını, sovet səhiyyə sistemini dəyişdiyi deyərək aldatmağa çalışırdı. Sonra üstü açıldı və vəzifəsindən azad edildi. Əli İnsanov çalışdığı dövrdə diktatura rejimli bir sistem yaratmışdı. Səhiyyə bundan ağır zərbələr aldı. Bunun fəsadlarını aradan qaldırmağa çox böyük vaxt lazım oldu. Belə bir insan bu gün yenidən özünü cəmiyyətə demokratik insan kimi tanıtmağa çalışır. Dünən diktatura yaratmağa çalışan bir insanın bu gün demokrat olmağa çalışması çox gülünc görünür. Həmçinin, dünənədək tərəfdarı olduğu Heydər Əliyev yolunun, üzvü olduğu Yeni Azərbaycan Partiyasının üstündən xətt çəkmək istəməsinin özü onun ikiüzlülüyünü göstərir”.
A.Mirzəzadə qeyd edib ki, Ə.İnsanov bu gün Azərbaycanın maraqlarını satmağa hazır olan bir insan kimi danışır:
“Onun “Azərbaycanda demokratiya olsa ermənilər bizimlə birgə yaşamağa çalışacaqlar” tezisini uzun müddət Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sərkisyan irəli sürürdülər. İndi erməni millətçiləri, torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən insanlarla eyni avazla danışması onun siyasi əqidəsini göstərir.
Yaşının bu çağında ağsaqqallıq etmək, insanlara mehribanlıq, dostluq, eyni zamanda həqiqəti olduğu kimi təbliğ etmək əvəzinə onun etdikləri sadəcə hakimiyyətə gəlmək üçün Azərbaycanı qurban vermək cəhdindən başqa bir şey deyil.
Məhz belə insanlar ölkələrini – Suriyanı, Liviyanı, Yəməni, Somalini ağır günə saldılar. Əli İnsanov onlardan heç nə ilə fərqlənmir. Bu gün Azərbaycanda Əli İnsanovu qəbul edən, onun arxasında getmək istəyən insan yoxdur. Əli İnsanov keçmişdə necə idisə indi də elə qalıb və keçmişdə ona münasibət necə idisə indi də elədir”.