13 May 2019 09:10
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.

"BDYPİ bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.

Qəzaların analizi həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb", - deyə müraciətdə bildirilir.

Baş DYP İdarəsi bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırıb: "Eləcə də sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər