14 Aprel 2014 17:19
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, qonaqları səmimiyyətlə salamlayan nazir müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, Ermənistanın təcavüzkarlıq siyasəti, torpaqlarımızın işğalı barədə məlumat verib. Ramil Usubov ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən qətiyyətli tədbirlərdən və bunların nəticəsində Azərbaycanda sabitliyin, əmin-amanlığın bərpa edilməsindən, kriminogen durumun nəzarətə götürülməsindən danışmışdır.

Müstəqillik illərində demokratikləşmə prosesinin digər dövlət qurumları kimi DİN-dən də yan keçmədiyini nəzərə çatdıran nazir ötən əsrin 90-cı illərinin sonlarında Avropa dəyərlərinə uyğun, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş Qərb dövlətlərinin, mötəbər beynəlxalq qurumların ekspertlərinin böyük rolu olduğunu qeyd edib.


Nazir uzun illərdir ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ölkəmizin MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirmiş, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.

İki dövlətin daxili işlər orqanları arasında əlaqələrin əsasən Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir birbaşa münasibətlərin qurulması məqsədilə normativ-hüquqi baza yaradılmasında və əməkdaşlığın inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu deyib: “Transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluğun, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığı, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılıb”.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Dailis Alfonsas Barakauskas ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırmış, Litva Respublikasının daxili işlər orqanlarının funksiyası və fəaliyyət istiqamətlərindən söz açıb. Qonaq bu səfərin Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə Litva Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Şarune Kubiliute iştirak edib.

Hacı Zeynalov


Müəllif: