Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə və parlamentlər arasında münasibətlər müzakirə edilib.
Oqtay Əsədov bildirib ki, Çexiya Azərbaycan üçün dost və əhəmiyyətli tərəfdaşdır:
“Biz Çexiya ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm veririk. Ölkələrimiz arasında hələ sovetlər dönəmində mədəniyyət, təhsil, elm sahələrində sıx əlaqələr qurulmuşdur. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə başçılarımız əhəmiyyətli rol oynamışlar. Siyasi əlaqələrimiz təqdirəlayiqdir. İndiyədək ölkələrimiz arasında 29 sənəd imzalanıb, 12 sənəd isə baxılmaqdadır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 50 milyon ABŞ dolları səviyyəsində olub. Biz gələcəkdə bu göstəricini yüksəltmək istəyirik”.
Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçek ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib. Bildirib ki, Çexiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Azərbaycanın neft və qaz ixracı sahəsində əldə etdiyi nailiyyətlərdən onlara da pay düşür. İqtisadi sahədə münasibətlərimizi daha da dərinləşdirmək üçün qarşılıqlı biznes forumların əhəmiyyəti danılmazdır. Çexiya Azərbaycana 1,3 milyard ABŞ dollarından çox investisiya qoyub. Bu ölkəmizin Azərbaycan iqtisadiyyatına olan marağından xəbər verir.
Çexiya Parlamentinin spikeri qanunverici orqanlar səviyyəsində əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Bu sahədə dostluq qruplarının fəaliyyətini təqdir etdi. Bildirildi ki, Çexiya Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Çexiyalı Spiker Dağlıq Qarabağ məsələsi ilə əlaqədar deyib ki, onun ölkəsi bu problemə həmişə böyük həssaslıqla yanaşmış və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.