Milli Məclisin deputatı Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşüb.
Teleqraf.com xəbər verir ki, iclasda yeni media mühitində media təhsili, rəqəmsal erada təhsilin rolu, texnologiyada və elmdə sürətli inkişafın etik aspektləri, yəhudi mədəni irsinin qorunması, Avropada universitetlərə muxtariyyətin və akademik azadlığın verilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Milli Məclisin digər deputatı Sahibə Qafarova isə Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və miqrasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 26-dan 30-dək İsveçrənin Sürix şəhərində səfərdə olacaq.
Tədbirdə İsveçrədəki miqrantların, qaçqın və məcburi köçkünlərin inteqrasiyası və vəziyyəti, uşaq köçkünlərin polis nəzarətinə alınmasına son verilməsi, miqrant uşaqlara qarşı zorakılığın dayandırılması, Avropadakı qaçqın düşərgələrində dini azlıqlara qarşı diskriminasiya və zorakılıq mövzularında fikir mübadiləsi aparılacaq.