Görünür, Ermənistan rəhbərliyinin müştəbehliyindən və həddən artıq arxayınlığındandır ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgədə səfərdə olduğu bir vaxtda Azərbaycan Ordusunun yüksək rütbəli hərbçisi snayper atəşi nəticəsində həyatını itirib. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyan özündən əvvəlki Ermənistan rəhbərliyinin səhvlərini təkrarlayır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, “təkrarlayır” demək məsələnin kiçik bir hissəsidir:
“Paşinyan daha radikal, daha millətçi, daha azğın mövqedədidr. Onun hətta, Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş 7 rayonu şübhə altına salan müxtəlif açıqlamaları göstərir ki, bu adam ya dəlidir, ya millətçilik azarı beyninə həddən artıq çox "vurub". Nəticədə o, mövcud status-kvonu sanki əbədi olacağı kimi qəbul edir. Bəli, onu müdafiə, himayə edən dövlətlər var. Onlar Paşinyanı həmişə müdafiə etdikləri kimi bu gün də müdafiə edirlər”.
Bununla belə Q.Hüseynli qeyd edib ki, Ermənistanın daxilində ciddi problemlər hökm sürür:
“Qarabağ klanı ilə Paşinyan hakimiyyətinin nümayəndələri arasında ziddiyyət açıq-aşkar hiss olunur. Bu ziddiyyəti Paşinyan bəzən Qarabağ klanının torpaqları Azərbaycana verəcəyi kimi fikirlərlə pərdələməyə çalışır. Baş verənlər göstərir ki, Ermənistan tərəfi sülh prosesinə hazır deyil, prosesi uzatmağa çalışır. Vaxtın uzanmasından isə həm hərbi potensialını artırmağa, həm də ümumiyyətlə, beynəlxalq aləmdə bu məsələ ilə bağlı Azərbaycanın yaratdığı müsbət meyilləri ləngitməyə çalışır. Çünki dünya ölkələri və beynəlxalq təşkilatlar bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü tanıyan, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməsini tələb edən bəyanatlar, qətnamələr qəbul edirlər. Bütün bunların qarşısında Paşinyan özünü itirəcək dərəcədə çətin vəziyyətə salıb”.
Həm cəbhədə, həm də danışıqlar prosesində vəziyyətin mürəkkəb olduğunu vurğulayan politoloq həmsədrlərin öz missiyasının öhdəsindən gələ bilmədiyini söyləyib:
“Ən başlıcası da ondan ibarətdir ki, məsələnin sülh və danışıqlar yolu ilə həlli variantı Ermənistanın “səyləri” nəticəsində getdikcə öz əhəmiyyətini itirir və məsələnin hərbi yolla həlli variantı gündəmə gəlir”.