4 İyun 2019 19:53
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal olunmuş ərazilər BMT və bütün beynəlxalq birlik tərəfindən Azərbaycan əraziləri kimi tanınıb. Ermənistan istisna olmaqla bütün beynəlxalq birlik ölkəmizin ərazi bütövlüyünü, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər üzərində suverenliyini tanıyır. Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının icazəsi olmadan onun rayonlarından birinin hansısa üçüncü tərəflə beynəlxalq saziş imzalanması ölkə qanunvericiliyinə və beynəlxalq hüquqa zidd idi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, konkret olaraq Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya” milli qanunvericiliyimizə və beynəlxalq hüquqa uyğun olmayan bir saziş idi:

“Fransa inzibati məhkəməsi tərəfindən bu sazişin qüvvədən salınması hüquqa tam uyğundur. Bu, bir daha ermənilərin Azərbaycana qarşı apardıqları düşünülmüş siyasətə, rəsmi İrəvanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə ağır zərbədir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü ən böyük universal təşkilat olan BMT tərəfindən tanınıb. Fransa məhkəməsi atdığı bu addımla beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və ədaləti bərpa etdiyini ortaya qoydu”.

A.Badamov qeyd edib ki, Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən bundan sonra da beynəlxalq və yerli səviyyədə hər hansı sazişin imzalanması yolverilməzdir:

“Əgər belə hal müşahidə olunarsa, təbii ki, Azərbaycan yenə də sazişin imzalandığı ölkənin yerli məhkəmə orqanlarına, o cümlədən beynəlxalq məhkəmələrə müraciət etmək hüququnu özündə saxlayır. Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi bilməlidir ki, onun imzalayacağı hər bir sənədin taleyi bu cür olacaq. Çünki Fransa məhkəməsi artıq Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratmış oldu”.

Müsahibimiz Fransa məhkəməsinin ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdiyini də vurğulayıb.
Qeyd edək ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.

İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.
Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər