24 İyun 2019 22:45
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədov general-leytenant hərbi rütbəsi ilə təltif edilib.

Bu barədə Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Fuad Nadir oğlu Məmmədov 31 yanvar 1968-ci ildə Bakıda anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycana qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli sərəncamı ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər