Dünya İrs Komitəsinin 43-cü sessiyasında bir sıra ölkələrlə bağlı müzakirələr aparılıb.
Teleqraf.com-un məlumatına görə, Bolqarıstanın tarixi liman şəhəri olan Nessebarın Dünya İrs Mərkəzinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi müzakirə olunub.
Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) ekspertinin hesabatı dinlənildikdən sonra üzv dövlət olaraq Bolqarıstanın qarşısında Nessebar şəhərinin mövcud vəziyyətini yaxşılaşdırmaq üçün konservasiya tədbirlərini gücləndirmək, tövsiyə edilən təklifləri yerinə yetirmək tələbi qoyulub.
Bolqarıstanın 2021-ci ildə keçiriləcək 45-ci sessiyada tarixi liman şəhərinin durumunu yaxşılaşdırması, bununla bağlı hesabat verməsi qərara alınıb. Müsbət dəyişiklik olmadığı təqdirdə Nessebar Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil ediləcək.
Növbəti müzakirə olunan məsələlər isə Asiya-Sakit okean regionunda yerləşən Çin, Şri-Lanka, Tailand, Yaponiya, İndoneziya və digər ölkələrdə mədəni irsin qorunması ilə bağlı olub.
Nümayəndə heyətləri bu mövzu üzrə hazırlanan hesabatla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, bu regionda su və hava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.