Şəki şəhərinin tarixi mərkəzi (Xan Sarayı da daxil olmaqla) UNESKO Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı qərar UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası zamanı verilib.
Müzakirələr olduqca gərgin keçib. Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi çıxış edərək bu irsin Dünya İrs Siyahısına daxil edilməsinin məqsədəuyğun olmadığını bildirib.
Bir sıra ölkələr – Küveyt, Çin, Tunis, Qvatemala, Kuba, İndoneziya, Kuba, Qırğızıstan və Burkina Faso bu irsin siyahıya daxil edilməsinin tərəfdarı kimi çıxş edib.
Qeyd edək ki, Dünya İrs Siyahısına bütün dünya üzrə 167 dövlətə məxsus cəmi 1113 təbii və mədəni irs nümunəsi daxildir. İndiyədək Dünya İrs Siyahısına Azərbaycandan cəmi 2 irs nümunəsi daxil idi. Bunlar 2000-ci ildə siyahıya daxil edilmiş İçərişəhər (Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birgə) və 2007-ci ildə siyahıya daxil edilmiş Qobustan qayaüstü təsvirləridir.