Şəki şəhərinin tarixi hissəsinin Dünya İrs Komitəsinin Dünya İrs Siyahısına daxil edilməsi ilə Azərbaycandan bu siyahıda daxil edilmiş irs nümunələrinin sayı üçə çatdı.
Teleqraf.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O, daha sonra bildirib: “Özünüz də şahid oldunuz ki, qərarın qəbulu asan başa gəlmədi. Artıq 6 ildir ki, Azərbaycandan olan ekspertlər xarici ekspertlərlə birgə bu qovluğu hazırlayaraq müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən ICOMOS-a təqdim etmişdi. Lakin onların analizi kifayət qədər müsbət olmamışdı. Ancaq Azərbaycanın gətirdiyi sübutlar və cənab prezidentin verdiyi sərəncamlar bu qərarın verilməsində müsbət rol oynadı. Azərbaycanla UNESKO-nun əlaqələrinin inkişafında ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var. Mən fürsətdən istifadə edib ona da təşəkkürümü bildirmək istəyirəm”.
Əbülfəs Qarayev Şəki şəhərinin tarixi hissəsinin Dünya İrs Siyahısına salınması münasibəti ilə bütün Azərbaycan xalqına təbriklərini çatdırıb. O qeyd edib ki, bu, Azərbaycan xalqının tarixində və özünüdərk prosesində fövqəladə əhəmiyyətə malik hadisədir.