“İrəli” İctimai Birliyinin ikinci dəfədir açıq hava şəraitində keçirdiyi hərbi-vətənpərvərlik düşərgəsi davam edir.
Teleqraf.com xəbər verir ki, “Marş İrəli” layihəsi çərçivəsində iştirakçılar çoxnövçülük üzrə ip dartma, maneəli qaçış, bıçaq atma idman yarışlarında iştirak ediblər.
Layihənin növbəti günündə atıcılıq üzrə təlim keçirilib və daha sonra iştirakçılar atış bacarıqlarını sərgiləyiblər. Atıcılıq təliminin ardından layihə iştirakçıları silahla rəftar təlimində iştirak ediblər. Silahla düzgün davranış qaydalarını, silahların təhlükəsizlik texnikalarını, nizamnaməsini öyrəniblər.
Layihənin 4-cü günündə iştirakçılar şanlı qələbəmizin qəhrəmanları olan Aprel qaziləri ilə görüşüblər. Görüşdə vətənpərvər gənclik, həqiqi hərbi xidmət və Aprel Zəfəri haqqında müzakirələr aparılıb. Həmçinin layihədə gənclərə hərbiçilər tərəfindən ilkin tibbi yardım təlimi keçirilib. İkin Tibbi Yardım təliminin ardından, komandalar "Nə? Harda? Nə zaman?” intellektual yarışı üzrə öz güclərini sınayıblar.