Milli Məclis İnzibati Xətalar Məcəlləsinə, Gömrük Məcəlləsinə, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, qanun layihələrinə dəyişiklik barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanunların bir-birinə uyğunlaşdırılması nəzərdə tutulub: “Biz yeyinti məhsulları haqqında qanuna dəyişiklik etmişik. Bu səbəbdən də yuxarıda adı çəkilən qanunlarda uyğunlaşdırma aparılmasına ehtiyac yaranıb”.
Komitə sədri əlavə edib ki, birinci oxunuz müzakirələri zamanı bəzi deputatlar irad və təkliflərini səsləndirib: “Deputat Aytən Musyafayeva öz təkliflərini yazılı şəkildə komitəmizə təqdim edib. Bu təkliflərin hamısı ekspert qrupu tərəfindən araşdırılıb və nəzərə alınıb, bəzi sözlər anlaşılan formada və yeni redaksiyada verilib”.