9 İyul 2019 19:54
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. 9 iyul tarixinin seçilməsinin səbəbi haqqında rəsmi dövlət agentliyinin xəbərində belə yazılıb: “Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilmişdir, o cümlədən Azərbaycan Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınmışdır ki, arxivlərdən Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin”.

Professor Ədalət Tahirzadə ilə birgə hazırladığımız “Azərbaycan Cümhuriyyəti. Qısa tarixi oçerk” adlı kitabımızda Azərbaycan Cümhuriyyəti dönəmində hökumətin diplomatik fəaliyyətlərinə də qısa olaraq nəzər salmışıq. Kitabımızdan həmin hissəni təqdim edirik.

***

Azərbaycan Cümhuriyyətinin elanından sonra qarşıda duran ilk vəzifə dünya ilə siyasi, diplomatik əlaqələrin qurulması idi. Azərbaycan Milli Şurası hökumət kabinəsi yaradan kimi Azərbaycan Xariciyyə Nəzarəti (Nazirliyi) Batumda olan Osmanlı hökumətinin ədliyyə naziri, Türkiyə Dövlət Şurasının sədri və Batum sülh danışıqlarında Türkiyə nümayəndəliyinə rəhbərlik edən Xəlil bəyə bu haqda məlumat verdi. 1918-ci il mayın 30-da Azərbaycan Cümhuriyyətinin qurulması barədə Heyəti-Vükəla rəisi (Nazirlər Şurası sədri) Fətəli xan Xoyskinin imzaladığı məlumat radioteleqrafla bütün ölkələrin Xarici İşlər Nazirliklərinə göndərildi.

Azərbaycan Cümhuriyyətinin ilk diplomatik münasibətləri Osmanlı dövləti ilə quruldu. İyun ayının 4-də Batumda Osmanlı ilə Azərbaycan arasında sülh və dostluq müqaviləsi imzalandı. Bu, Azərbaycan Cümhuriyyətinin imzaladığı ilk beynəlxalq müqavilə idi.

Gəncə həyatının ikinci günü – iyunun 17-də yaradılmış hökumətin ilk addımlarından biri Mərkəz (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) və Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar Birliyi) dövlətlərinin İstanbul Konfransına göndəriləcək tam səlahiyyətli diplomatik heyətin (heyəti-mürəxxəsənin) müəyyənləşməsi və onun üzvlərinin sənədlərinin hazırlanması oldu. Bu Konfransın Azərbaycanın həyatında oynayacağı mühüm rolu nəzərə alaraq hökumət diplomatik heyətin üç nəfərdən: Məhəmmədəmin Rəsulzadə, Xəlil bəy XasməhəmmədovAslan bəy Səfikürdskidən, habelə dörd nəfər məsləhətçi və texniki işçidən ibarət olmasını təsdiqlədi. Hökumət Heyəti-Mürəxxəsəyə İstanbul Konfransının iştirakçısı olan adıkeçən dövlətlərin nümayəndələri ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmağa və müqavilələr bağlamağa tam səlahiyyət vermişdi. Bundan başqa, Heyətin Osmanlı dövləti ilə hər cür gizli siyasi və hərbi müqavilələr bağlamaq və imzalamaq hüququ da vardı.

Təbii ki, Azərbaycanın diplomatik münasibətlərində aparıcı rol Xariciyyə Nəzarətində idi. Hökumətin “Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarətinin təsisi haqqında Əsasnamə”sində xarici siyasət idarəsinin rolu və fəaliyyət istiqamətləri belə əsaslandırılırdı:

1. Xarici dövlətlərlə siyasi, iqtisadi, sosial və mədəni sahədə münasibətlər qurmaq;

2. Xarici dövlətlərdə Azərbaycanın ticarət və digər maraqlarını qorumaq;

3. Xarici dövlətlərlə sənaye və ticarət əlaqələrinin güclənməsinə və inkişafına təsir göstərmək;

5. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyətini və əmlakını qorumaq;

6. Xarici vətəndaşların şəxsi işləri ilə bağlı qanuni tələblərinin təmin edilməsinə yardım göstərmək.

Cümhuriyyət qısa zamanda ilk növbədə qonşu dövlətlərlə diplomatik münasibətlər qurmağa, onlara diplomatik nümayəndələr göndərilməsinə can atırdı. Bu istiqamətdə ilk təşəbbüs olaraq Məhəmmədyusif Cəfərov iyunun sonlarında Gürcüstana diplomatik nümayəndə təyin edildi. O, bu vəzifədə olduğu müddətdə Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, diplomatik münasibətlərin inkişafında, iki dövlət arasında ərazi mübahisələrinin həllində, təmsil olunduğu ölkədə müsəlman əhalisinin maraqlarının qorunmasında mühüm rol oynadı.

Bakıya girmək ərəfəsində – sentyabr ayının 12-də hökumət Almaniya, Ukrayna, İran və Ermənistana səlahiyyətli diplomatik nümayəndələr göndərməyi qərara aldı. Sentyabrın 14-də isə hökumət Ermənistanın Azərbaycana göndərdiyi diplomatik nümayəndə T.Bekzadyanın vəkalətini tanıdı. Oktyabrda N.Kartsivadze başda olmaqla Gürcüstan Cümhuriyyətinin Bakıda diplomatik nümayəndəliyi fəaliyyətə başladı.

1918-ci ilin 6 oktyabrında Azərbaycanın müstəqilliyi haqqında məlumat vermək üçün Avropa paytaxtlarına göndəriləcək xüsusi komissiya yaradılması haqqında qərar qəbul edildi. Bu heyətə yüksək status vermək üçün, avqust ayının sonlarında İstanbula göndərilmiş fövqəladə və səlahiyyətli nümayəndə Əlimərdan bəу Topçubaşov elə həmin gün xariciyyə naziri təyin olundu.

Oktyabr ayının 22-də ədliyyə nazirinin müavini Teymur bəy Makinski Azərbaycan Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəsi təyin edildi.

Nazirlər Şurası 1918-ci il oktyabr ayının 23-də Krım hökumətində diplomatik nümayəndəlik yaratmaq haqqında qərar qəbul etdi və noyabrın 1-dən Ukraynadakı diplomatik nümayəndəmiz Miryusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Krımda da Azərbaycanı təmsil etməyə başladı. Batumun Azərbaycan üçün əhəmiyyətini nəzərə alan Heyəti-Vükəla 1918-ci il noyabrın 10-da həkim Mahmud bəy Əfəndiyevi Azərbaycanın Batumdakı nümayəndəsi təyin etdi.

Sonrakı vaxtlarda hökumətin qərarları ilə Əbdürrəhim bəy Haqverdiyev Dağlılar Cümhuriyyətində (11 fevral 1919-cu ildən), Cəfər bəy Rüstəmbəyov Kuban və Krımda (23 mart 1919-cu ildən), Əkbər ağa Sadıqov Zakaspi hökumətində (Aşqabad şəhərində; 2 aprel 1919-cu ildən) Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndələri təyin edilərək işə başladılar.

1919-cu il dekabrın 24-də Miryusif Vəzirov, 1920-ci ilin aprelində isə Xəlil bəy Xasməhəmmədov İstanbulda diplomatik nümayəndəliyin başçısı təyin edildilər (ancaq Xəlil bəyə bu görəvdə çalışmaq nəsib olmadı).

7 yanvar 1920-ci ildə Azərbaycanın hökuməti Böyük Britaniya, ABŞ, İsveçrə, İtaliya Polşa hökumətləri nəzdində diplomatik nümayəndəliklərin yaradılmasını qərara aldı.

5 mart 1920-ci ildə hökumət “Qərbi Avropa və Amerikada Azərbaycan Cümhuriyyətinin diplomatik missiyalarının yaradılması və Paris Sülh Konfransındakı Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında” qanun layihəsi hazırlayaraq Məclisi-Məbusanın təsdiqinə verdi və Parlament tezliklə onu təsdiqlədi. Bu qanuna görə, 1 aprel 1920-ci ildən ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Polşa və Rusiyada Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndəlikləri yaradılmalı idi (ancaq 27 aprel işğalı buna imkan vermədi). Qanunla Azərbaycan diplomatik missiyası Parisə yetişincə, hökumətin qərarı ilə 28 dekabr 1918-ci ildə yaradılmış Paris Sülh Konfransındakı Azərbaycan Heyəti-Mürəxxəsəsi (Sülh Nümayəndə Heyəti) də ləğv edilirdi. Ancaq siyasi hadisələr Parisdə səfirlik açmağa imkan vermədi, Sülh Heyəti isə ləğv olunmamış qaldı və öncə Əlimərdan bəy Topçubaşovun, sonra isə Miryaqub Mirmehdizadənin rəhbərliyi altında fəaliyyətini davam etdirdi.

1920-ci ilin martında Azərbaycanın Qacar İranında diplomatik nümayəndəliyi açıldı, Qacarlar nəslindən olan Adil xan Ziyadxanov səfir təyin edildi.

Ümumən Cümhuriyyət dönəmində Azərbaycanda ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Ermənistan, Gürcüstan, Finlandiya, Fransa, İran, İsveç, İsveçrə, İtaliya, Litva, Polşa, Ukrayna, Yunanıstan dövlətlərinin diplomatik nümayəndəlikləri vardı.

Azərbaycan Cümhuriyyətinin ən böyük diplomatik uğuru Ə.b.Topçubaşovun rəhbərliyi ilə Parisə göndərilmiş Heyəti-Mürəxxəsənin ilk dövlətimizin de-fakto tanınmasına nail olmasıdır.


Müəllif: Dilqəm Əhməd