Bakıda keçirilən sessiyada bundan sonra Dünya İrs Siyahısına nominasiyaların irəli sürülməsi prosesinin təkmilləşdirilməsinə dair qərar qəbul olundu. Həmin işçi qrupuna da Azərbaycan nümayəndəsi rəhbərlik edirdi. Bundan sonra hər bir irs nümunəsi ilk növbədə namizədlər siyahısına daxil olacaq. Yalnız bundan sonra nominasiya kimi irəli sürülə biləcək.
Teleqraf.com xəbər verir ki, bunu UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirlməsi üzrə Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyanın başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, artıq hər bir ölkə nominasiya prosesini daha məsuliyyətlə aparacaq:
“Bütün ölkələrədə yüzlərlə irs nümunələri var. Ancaq onların müstəsna universal dəyərini sübut etmək lazımdır. Bu sessiya zamanı Dünya İrs Mərkəzinin ekspertləri də Azərbaycana gəlmişdilər. Onlar Naxçıvanda və Lənkaranda oldular. Bizim bir neçə irs nümunəsinin Dünya İrs Siyahısna daxil edilməsinə namizədliyinin irəli sürülməsi ilə bağlı fikrimiz var. İndidən onların adlarını açıqlamaq istəmirəm. Ancaq biz onların iddiaçılar siyahsına daxil edilməsi üçün artıq proses başlatmışıq. Azərbaycan tərəfindən gələn il Çində keçiriləcək 44-cü sessiyada yeni irs nümunələri irəli sürüləcək”.
Əbülfəs Qarayev daha sonra bildirib ki, Şəki şəhərinin tarixi mərkəzinin və Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına salınması Azərbaycan xalqının tarixində fövqəladə hadisə kimi qalacaq: "Bu proses ümumilikdə 6 il müddətində gedib. Biz bu nominasiyanı ilk dəfə 2013-cü ildə irəli sürmüşük. 2017-də Krakovda keçirilən 41-ci sessiyada bizə vaxt verilmişdi ki, çatışmazlıqları aradan qaldıraq. Artıq necə deyərlər, bayraq əlimizdərir. Elə etməliyik ki, o bayraq əlimizdən düşməsin, hər zaman əlimizdə qalsın. Yəni, Şəkinin tarixi mərkəzi və Xan Sarayı hər zaman Dünya İrs Siyahısında qalmalıdır".
O qeyd edib ki, sessiyanın keçirilməsi ilə bağlı bütün məsələlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında idi:
“Cənab prezident və Birinci vitse-prezident Mehriban xanım hər gün bütün məlumatları izləyirdi. Hətta, dövlət başçısı tənəffüs zamanı tam olaraq məlumatlarla tanış olurdu. Bu proses onların şəxsi nəzarəti altında olub. Məhz bu yanaşma nəticəsində UNESKO-nun ən böyük komitəsinin iclası yüksək səviyyədə baş tutdu”.