"Bu gün Azərbaycan Ordusu dövlət müstəqilliyini, ölkəmizin hüdudlarını, ərazisini qoruya bilən qüdrətli bir orduya çevrilib".
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd olunub ki, hazırda Azərbaycan Ordusunun təlim mərkəzlərində dünyanın ən qabaqcıl, müasir ordularının döyüş və mənəvi-psixoloji hazırlıq üsullarından istifadə edilir.
"Bu istiqamətdə bir çox böyük dövlətlərin Azərbaycanla hərbi əməkdaşlıq sahəsində imzaladığı müqavilələr xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusu NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan bütün tədbirlərdə, təlimlərdə fəal iştirak edərək, dünya dövlətlərinin ordu quruculuğu sahəsində qabaqcıl təcrübələrə yiyələnir. Məhz 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ilin mayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi", - nazirlikdən bildirilib.