İyulun 14-ü saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədildi. Hadisə ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində insident qısa müddət ərzində aradan qaldırıldı və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edildi. Hazırda sərhədçilərimiz vəziyyətə nəzarət edirlər. Lakin bu, sıradan bir hadisə deyildi, xüsusilə son dövrlərdə Azərbaycan və Gürcüstan arasında strateji münasibətləri pozmağa hesablanmış təxribatların ardıcıllığı bu insidentin təsadüfi olmadığını, Bakı-Tbilisi xəttində çatların yaranması planına xidmət etdiyini təsdiqləyir.
Bakı və Tbilisinin strateji əməkdaşlığı Cənubi Qafqazda sabitliyə və regionun inkişafına xidmət edir. Azərbaycan və Gürcüstanın bir-biri üçün strateji əhəmiyyəti olduqca yüksəkdir, Tbilisinin öz milli maraqlarına uyğun siyasət apara bilməsində Bakının iqtisadi və siyasi dəstəyi böyük rol oynayır, hər iki ölkə sivil dünyaya birgə inteqrasiya xəttini seçiblər. Regionda məhz bu əməkdaşlığı qəbul etməyən və bölgəyə hakim olmaq istəyən qüvvələr Bakı-Tbilisi münasibətlərini pozmağa çalışır. Bu küləklərin haradan əsdiyi məlumdur, xüsusilə son dövrlər Gürcüstanda baş verənlər, ondan əvvəl “Keşikçi dağı” məbədində yaşananlar diqqəti bəlli qüvvələrin üzərinə yönəldir. Hazırda bu qüvvələrin maşası rolunda çıxış edənlər ermənilərdir və faktiki olaraq, Ermənistan Bakı-Tbilisi əməkdaşlığını hədəfə alıb. Bu hücumda region ölkələrindəki erməni diasporu və lobbisinin aktiv iştirak etdiyi, bu şəbəkənin Gürcüstanın daxilinə qədər uzanan “kalon”larının da hərəkətə keçdiyi aydın görünür.
Hadisələrin inkişafına nəzər yetirdikdə prosesin görünməyən tərəfləri ortaya çıxır:
- Bu ilin 20 yanvarında - Bakıda Qanlı Yanvar faciəsinin ildönümü qeyd olunduğu gün Gürcüstanın tarix boyu separatizm toxumlarının cücərdiyi Cavaxetiya bölgəsində yaşayan ermənilər Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımının iştirakçısı Mixail Avaqyana abidə qoydu. Maraqlıdır ki, abidənin açılışında Axalkalaki şəhər rəhbərliyi də iştirak edirdi. Bu, Bakı və Tbilisi arasında qarşıdurma toxumunun səpilməsinə ilk cəhd idi və belə görünürdü ki, Gürcüstan daxilində də belə qarşıdurmanın baş verməsində maraqlı qüvvələr var.
- Yanvarın 28-də Ermənistanın Gürcüstandakı səfirliyi işğalçı ölkənin silahlı qüvvələrinin 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etdi və diqqətçəkən məqam bu idi ki, rəsmi qəbul səfirliyin binasında yox, Gürcüstan parlamentinin paytaxt Tbilisidəki yeganə rəsmi strukturu olan kitabxanasında keçirilirdi. Qəbulda Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən erməni döyüşçülərlə yanaşı, Gürcüstanın hərbi rəhbərliyi də iştirak edirdi. Bu fakt da Gürcüstanda Bakı-Tbilisi münasibətlərini pozmaq planında bu və ya digər formada yer alanların olduğunu təsdiqləyir.
- Bu planın davamı olaraq, aprel ayında “Keşikçi dağ” məbədində Azərbaycan sərhədçiləri ilə gürcü zəvvarlar arasında süni insident yaradıldı. Məsələni ən çox qızışdıran, “Azərbaycan sərhədçilərinin gürcü zəvvarları məbədə buraxmadığı” haqda yalan məlumatları yayan Ermənistan mediası və region ölkələrində ermənipərəst mövqeyi ilə tanınan informasiya resursları idi. Gürcü siyasətçi Şalva Natelaşvilinin “Keşikçi dağ” məbədinə gəlməsi və Azərbaycan sərhədçilərini qarşı “Orta Asiyadan gəlmisiniz, gəldiyiniz yerə gedin” kimi təxribatçı fikirlər səsləndirməsi də diqqəti Gürcüstan daxilində prosesə dəstək verənlərə yönəltdi. Burada Gürcüstan Baş prokurorluğunun 2007-ci ildə Natelaşviliyə qarşı Rusiya kəşfiyyatı ilə əməkdaşlıq ittihamı üzrə cinayət işi açması yada düşür.
- Və nəhayət, iyulun 14-də bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədildi.
Proseslərin analizi təsdiqləyir ki, məqsəd regionda Azərbaycan-Gürcüstan qarşıdurması yaratmaq və iki ölkə arasındakı dostluq münasibətlərini sarsıtmaqdır.
Bu planda bölgədəki bəlli qüvvələrin öz maraqları var: Gürcüstanı Azərbaycanın siyasi-iqtisadi dəstəyindən məhrum etmək və Tbilisinin Avropaya inteqrasiyasının önünü kəsmək; Azərbaycanın “Qərbə çıxış qapısı” hesab olunan yolu bağlamaq; Avropanın enerji təhlükəsizliyində əsas alternativ olan layihələrin qarşısını almaq;
Bu planda aktiv yer alan ermənilərin də öz maraqları var: Azərbaycanla münasibətlərinin pozulması Ermənistanın Gürcüstan üzərində diktəsini gücləndirəcək və cari planda Rusiyadan Abxaziya vasitəsilə Ermənistana dəmiryolunun çəkilməsi layihəsi, gələcək planda isə Cavaxetiyaya ən azı muxtariyyətin verilməsi tələbi irəli sürüləcək; Ermənistan işğalçı siyasətinə görə Azərbaycan tərəfindən məruz qaldığı blokadadan Gürcüstan vasitəsilə xilas olacaq; Gürcüstanla münasibətlərin pozulması Azərbaycanın Qərb qapısının bağlanması və blokadaya düşməsi ilə nəticələnəcək; Bu, işğalçı ölkənin Dağlıq Qarabağ masasında əlini gücləndirəcək;
Hədəflər bunlardır, lakin sərhəd insidentinin Gürcüstanda son etiraz aksiyalarından sonraya təsadüf etməsi diqqətdən yayınmır.
Tbilisidə anti-Rusiya xarakteri daşıyan aksiyalarda ermənilər aktiv şəkildə iştirak edirlər. Gürcüstan mediası parlament binasına hücum edənlər arasında bir qrup erməninin olduğunu, Minas Minasyan adlı Ermənistan vətəndaşının saxlanıldığı xəbərini yaydı. Minasyan Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarındandır, İrəvanda Sarkisyanın devrilməsi ilə nəticələnən etirazlarda aktiv iştirak edib. İrəvanın tələblərindən sonra iyunun 25-də onu sərbəst buraxdılar. Digər erməni Gürcüstan vətəndaşı olan David Qriqoryan idi. O, parlament binasına hücum zamanı yaralanmışdı və maraqlıdır ki, Ermənistanın Gürcüstandakı səfirliyi Qriqoryanın müalicəsini ciddi nəzarətə götürdü. Tbilisidəki aksiyalarda iştirak edən ermənilərin Cavaxetiyadakı erməni millətçilərin olduğu haqda da informasiyalar diqqətdən yayınmadı.
Ermənilər Gürcüstana hücum edir və iki cəbhədə informasiya təbliğatı aparırdı:
Birincisi: Tbilisidəki aksiyalarda “Azərbaycan izi” axtarılır, “Gürcüstanla Rusiyanın toqquşması Gürcüstanın daxili parçalanmasına gətirib çıxara və Azərbaycanın mövqelərini gücləndirə bilər”, “Burada Türkiyənin maraqları var və hədəf Ermənistanla Gürcüstandır” iddiaları tirajlanırdı. Misal üçün, Tbilisidə ermənilər Gürcüstan parlamentinə hücum edəndə “Lragir” saytı “Azərbaycanın Gürcüstan torpaqlarına iddia etdiyi, “Keşikçi dağı” ərazini ələ keçirmək istədiyi” yalanlarını yayırdı.
İkincisi: Rusiyada erməni diasporu/lobbisi hərəkətə keçdi. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edən, ermənipərəst yazıçı Eduard Limonov iyulun 3-də “Oyanın, gürcülər” adlı məqaləsində “Türklər qayıdır, Acariyanı yenidən işğal edirlər” iddialarını ortaya atdı. Buna paralel olaraq, “Rusiya Cavaxetiya diasporu” təşkilatının sədri Aqasi Arabyan “Cavaxetiyanı xilas etmək” çağırışı etdi və bunun üçün Rusiyadan kömək istədi, ardınca Ermənistanda yeni millətçilər olaraq ortaya çıxan yarımsilahlı “Sasna srer” qruplaşmasını Cavaxetiyaya hücuma keçməyə çağırdı. Buna paralel olaraq, sosial şəbəkələrdə erməni istifadəçilər Rusiya və Gürcüstan arasında qarşıdurmanı qızışdırmaq istiqamətində təbliğat aparırdı.
a) Ermənilər Tbilisidə Rusiyaya qarşı etirazı körükləyir;
b) Bu aksiyalarda “Azərbaycan izi”nin olduğu iddiasını tirajlayır;
c) Rusiyadakı erməni diasporu/lobbisi Gürcüstanın parçalanması və Cavaxetiyanın ələ keçirilməsi istiqamətində hərəkətə keçirlər;
Göründüyü kimi, Azərbaycan və Gürcüstana qarşı məkrli plan dövriyyədədir və hədəf ilkin mərhələdə Bakı-Tbilisi münasibətlərini pozmaq, sonrakı mərhələdə Cavaxetiyanı ələ keçirərək, Gürcüstanı parçalamaqdır.
Məhz bunun üçün Tbilisidə başlanan anti-Rusiya aksiyası səngiyən kimi prosesi anti-Azərbaycan məcraya yönəltməyə cəhd olunur. Sərhəd insidentinin Tbilisidəki aksiyalardan dərhal sonra baş verməsi də bu planın bir parçası olaraq görünür. Burada Gürcüstanda gürcüləşmiş erməni siyasi elitasının rolu da istisna deyil. Bu elita Saakaşvili dövründə neytrallaşdırılsa da, 2013-cü ildən sonra yenidən aktivləşməyə başladı.
Və burada rəsmi Tbilisi ehtiyatlı olmalıdır, çünki Azərbaycan-Gürcüstan münasibətlərinin üçüncü qüvvələrin istədiyi kimi olması gürcü torpaqlarında ciddi problemlərə yol açacaq.
Belə həssas məqamda hər iki dövlətin müvafiq qurumları insidentlə bağlı lazımi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələr müəyyən edilərək, onlara qarşı ciddi ölçü götürülməlidir. Artıq baş vermiş son insidentlə bağlı Gürcüstanın Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə çağırılaraq, məsələ ilə bağlı müvafiq izahat istənilib.
Gürcüstan tərəfi xüsusilə həssaslıq sərgiləməlidir. Çünki təxribatın arxasındakı qüvvələr və təhlükəli hədəfləri aydındır.
Bizə ümid etmək və inanmaq qalır: Azərbaycan və gürcü xalqları öz müdrikliklərini qoruyub saxlayaraq, belə təxribatların fövqündə dayanacaq, müvafiq rəsmi instansiyalar prinsipial davranaraq bu hadisələrin törədilməsində, iki dost ölkə münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri, şəxsləri aşkarlayaraq cəzalandırılmasını təmin edəcəklər. Qaranlıq dairələrin dövlətlərarası münasibətlər müstəvisində söz sahibi olmasına, bu münasibətlərə təsir göstərməsinə birdəfəlik son qoyulacaq. Çünki gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları bir-birinə qarşı qoymaq, bir -bir ilə ədavətə sövq etmək mümkün olmayıb. Xalqlarımızın tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər olmağı deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.
Əminik ki, bundan sonra da iki dost xalq arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri ciddi nəticə verməyəcək. Hər iki tərəfdən - həm Gürcüstan, həm də Azərbaycan tərəfdən bu məsələlərdə radikal mövqe tutaraq xalqları, dövlətləri bir- birinə qarşı qoymaq, onları bir-birinə qarşı təxribata çəkmək meylləri müdriklik, əsrlərin sınağında çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq, dünyanın, regionun yeni reallıqlarını unudaraq orta əsrlərin xiffətini çəkənlərin ekstremist təşəbbüsləri iflasa uğrayacaq.
Asif Nərimanlı