Gürcüstanın Baş naziri Mamuka Baxtadze “Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisəyə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, dövlət rəsmisi Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcəyini bildirib.
Ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edən Baş nazir deyib: “Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırlar. İki gün bundan öncə təəssüf doğuran insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.
Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, ölkə ərazisində yerləşən “Keşikçi qala” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.