17 İyul 2019 21:15
2 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“FaceApp proqramı vasitəsilə insanların sosial şəbəkədə “qocalıq” fotolarını paylaşması nə qədər əyləncəli görünsə də, bu “əyləncə”nin arxasında bir təhlükə də var. Medalın görünməyən tərəfində sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının ələ keçirilməsi, üçüncü tərəfə ötürülməsi və reklam məqsədilə istifadə edilməsi halları var”.

Teleqraf.com xəbər verir ki, bunu türk araşdırmaçı-jurnalist Ahmet Can deyib.

Araşdırmaçı FaceApp internet proqramının 2017-ci ildə Wireless Lab adlı bir rus şirkəti tərəfindən yaradıldığını bildirib:

“Buna ən sadə dillə “qocaltma proqramı” da deyə bilərik. Fotolarla özünü “gəncləşdirmə” və “qocaltma” kimi bir özəlliyi olan bu proqram vasitəsilə pulsuz əylənə bilərsiniz, elə buna görə də bir neçə gündür sosial şəbəkədə trendə çevrilib.

Google necə sizə öz axtarış sistemi ilə pulsuz istədiyiniz məlumata çatdırırsa, FaceApp da bunun kiçik formasıdır. Yəni sizin məlumatlarınızı alır və bu məlumatları üçüncü tərəfə - reklam verənlərə ötürür. Yəni, burada məlumat mübadiləsi çəkilən fotolarla məhdudlaşmır”.

Ahmet Can FaceApp proqramında sosial şəbəkə istifadəçisinin nəzərindən qaçan “Məxfilik anlaşması”nın olduğuna diqqət çəkib:

“Proqrama verdiyiniz icazələrdən əldə edilən məlumatların necə istifadə olunduğu “Məxfilik anlaşması”nda yazılır. Bir neçə maddə var ki, bunlar siz əylənərkən əldə olunan məlumatların hansı məqsədlər üçün istifadə edildiyini göstərir.

FaceApp ələ keçirdiyi məlumatları FaceApp-a daxil olan və onunla əməkdaşlıq edən şirkətlərlə bölüşür. Həmin şirkətlər bu məlumatları öz xidmətləri üçün istifadə edir. Proqramdan istifadə edənlər eyni zamanda, avtomatik olaraq xidmətdə iştirak edən üçüncü tərəfə, yəni hansısa sosial şəbəkə istifadəçisinə ötürülməsinə icazə verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər