5 Avqust 2019 16:45
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın “IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məktubda deyilir:

“Əziz və hörmətli olimpiada iştirakçıları.

Sizi, dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm.

Ümidvaram ki, olimpiada informatika sahəsinin yeni istedadlarının üzə çıxarılması, gənclərin informatikaya maraqlarının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcək.

Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə, informasiya kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərdən birinə çevrilmişdir.

İnformasiya iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırmışdır.

“31-ci Beynəlxalq İnformatika Olimpiadası” bu baxımdan qarşınızda yeni üfüqlər açır. Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə ciddi təsir göstərəcək.

Hazırki olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyil. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə, məktəblər arasında olimpiada hərəkatı ildən ilə geniş vüsət almaqdadır.

Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqiyyətlərinin davamlı inkişafına nail olaraq son illər ərzində ümumilikdə 160 medal qazanmışdır.

Bu olimpiada günlərində siz eyni zamanda Azərbaycanın keçmişi bu günü və zəngin tarixi, mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni-yeni dostlar tapmaq imkanı əldə edəcəksiniz.

Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm. İnanıram ki, sizə bəslənən ümidləri gələcək fəaliyyətinizdə layiqincə doğruldacaqsınız”.

Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”-a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan təhsil naziri beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyərləri barədə söz açıb.

Açılış mərasimində 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, IOI-nun rəsmi sponsoru ACER-in fəaliyyətinə və Bakıya həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər